Karateçilərimiz Rusiyaya yollanıb

ESTAFET/ Böyüklərdən ibarət Azərbaycan milli komandası Moskvada təlim-məşqlərdədir. 23 sentyabrdan başlanan 10 günlük hazırlıqlarda 13 idmançımız iştirak edir.

Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçi Qurban Tağıyevin rəhbərliyi altında təlim-məşqlərə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (+84 kq), eləcə də Nuranə Əliyeva (50 kq) İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) qatılıb. Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərovun (kata) hazırlıqlarda iştirak etməsini məqbul sayıb.

Təlim-məşqlər başa çatdıqdan sonra karateçilərimiz 4-6 oktyabr tarixlərində Rusiyanın paytaxtında Karate1 Premyer Liqa turnirində mübarizə aparacaqlar. Yarışlarda heyətə daha 7 idmançımız qatılacaq.  

Müəllif: Natiq NƏSİROV