Ölkəmizdə ilk dəfə olaraq Budo festivalı keçirilib

ESTAFET/ Oktyabrın 5-də Bakı İdman Sarayında Yaponiya səfirliyinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyası və digər idman təşkilatlarının əməkdaşlığı ilə ilk Azərbaycan Budo Festivalı keçirilib. Tədbirdə Ekologiya Təbii Sərvətlər naziri, Azərbaycan ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Muxtar Babayev, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Məclisin gənclər və idman komitəsinin sədri, Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti Ülvi Quliyev, Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Milli Paralimpiya Komitəsinin sədri İlqar Rəhimov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı, Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori və ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının nümayəndələri, həmçinin rəsmi şəxlər iştirak ediblər.

Festivalın əvvəlində Azərbaycanın və Yaponiyanın dövlət himnləri səsləndirilib.

Tədbirdə çıxış edən Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori Azərbaycanda birinci budo festivalının keçirilməsindən məmnunluğunu bildirib. Ölkəmizdə budonun inkişaf etdiyini vurğulayan diplomat bildirib ki, bu, Azərbaycanda yapon döyüş sənətlərinə marağın xeyli artmasının nümunəsidir. “Məndə olan məlumatlara görə Azərbaycanda yapon döyüş sənətləri üzrə məşğul olanların sayı 40-50 min nəfərə yaxındır. Bu məni çox sevindirir. Yaponiyada 9 budo ənənəvi döyüş sənətləri növü var. Bugünkü tədbirdə Azrəbaycanda yaxşı tanınan cüdo, karate, aikido, ciu-citsu, sumo və kendo idman növləri üzrə 90-a yaxın idmançı nümunəvi çıxışlar nümayiş etdirəcəklər. İdmançılarınız yapon döyüş növləri üzrə beynəlxalq arenada dəfələrlə qalib gələrək Azərbaycanın bayrağını zirvələrə qaldırıblar. Gələn il Tokioda keçiriləcək 32-ci Yay Olimpiya Oyunlarında Azərbaycandan da çoxlu sayda idmançının iştirak edəcəyini gözləyirik. İnanıram ki, azərbaycanlı idmançılar Tokioda mükafatçılar sırasında yer alacaqlar”, – deyə Teruyuki Katori bildirib.

Sonra çıxış edənlər festivalın əhəmiyyətini yüksək qiymətləndiriblər. Bildirilib ki, festivalın Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, budo döyüş növləri ölkəmizdə xeyli inkişaf edib.

Daha sonra iştirakçılara müxtəlif döyüş sənətləri ilə tanışlıq imkanı da yaradılıb. Burada yapon döyüş sənətinin altı növü - aikido, karate, kendo, cüdo, ciu-citsu və sumo üzrə nümunəvi çıxışlar təqdim olunub. Tədbirdə həmçinin Yaponiyanın mədəniyyəti, mətbəxi, şirkətləri, idman federasiyaları və təşkilatları stendlər də nümayiş etdiriblər.

Sonda yaponiyalı səfir Teruyuki Katori Azərbaycanda yapon döyüş sənətlərinin inkişafındakı xidmətləri olan Azərbaycan Cüdo Federasiyasına və müvafiq təşkilatların nümayəndələrinə diplomlar təqdim edib.

Müəllif: Orxan NOVRUZOV