"FEEL CLOSER" TƏDBİRLƏRİNƏ START VERİLDİ - BAKU-2017

ESTAFET/ Bakı 2017 Oyunları, "Grassroots Proqramı" çərçivəsində “Feel closer” adlı layihəyə start verdi. Layihənin məqsədi ictimaiyyətə elan olunmuş İdmançı Səfirlərin tələbələrlə görüşünü təşkil etmək, İslam Oyunlarının dəyərlərini (Sülh, Hörmət, Birlik və Mükəmməllik) təbliğ etməkdir.

 

İlk görüş 20 fevral tarixində Azərbaycan Dillər Universitetində keçirildi. Görüşdə qeyd edildi ki, İslam Oyunları çərçivəsində həyata keçirilən Grassroots proqramı ölkəmiz üçün yenilik olmaqla bərabər, eyni zamanda İdmanın kütləviliyini artırmaq, oyunların dəyərini əyani nümayiş etdirmək üçün gözəl imkandır.

 

Bakı 2017 Grasroots proqramı və Daxili Əlaqələr üzrə Menecer Ülviyyə Əkbərova proqramın əsas məqsədlərindən bəhs edərkən qeyd etdi: “İnsanların uğur, qələbənin yaşatdığı sevinc, məğlubiyyətin gətirdiyi kədər hissini bölüşmələri, bir-birinə dəstək olması çox böyük bir mədəniyyət olmaqla bərabər, eyni zamanda əvəzsiz bir dəyərdir. IV İslam Həmrəyliyi Oyunlarının görkəmli simaları olan idmançı səfirlərimizin qarşısında duran əsas missiyalardan biri, bu dəyərləri cəmiyyətə çatdırmaqdır.”

 

Paralimpiyaçı cudoçu İlham Zəkiyev IV İslam Həmrəyliyi oyunlarının önəmi, bu oyunların onların həyatındakı rolu və mahiyyəti haqda danışarkən: “Ataların gözəl bir məsəli var: “El bir olsa, dağ oynadar yerindən.” Mən xalqımızı yarışlarda daim idmançılarımızın yanında görmüşəm. İdmançıların qələbəsi onların sevinci, məğlubiyyəti isə onların kədəri olub. Xalqımız hər zaman bizim yanımızda olub. Odur ki, mən IV İslam Həmrəyliyi oyunlarının 4 mesajından özümə ən yaxın olanını- “Birliyi” seçirəm. İslamın özü də, “sülh” və “birlik” daşıyıcısıdır.”

 

Boksçu Kamran Şahsuvarlı: “Hətta müharibələrin getdiyi ölkələrdə belə, Olimpiya oyunları zamanı silahlar susur. İdman sülhü, mehribançılığı, dostluğu və əzmkarlığı tərənnüm edir. Sülhsevər bir insan olaraq, IV İslam Həmrəyliyi oyunlarının dəyərləri arasında “Sülh” mənə ən yaxın olanıdır.”


Qeyd edək ki, qarşıdakı 3 gün ərzində “Feel closer” görüşlərinin Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və ADA Universitetində keçirilməsi planlaşdırılır.