Ölkə çempionu ilk məğlubiyyətlə barışdı

ESTAFET/ Kişi həndbolçuların Azərbaycan çempionatında 5-ci turun oyunları da maraqlı mübarizə ilə yadda qalıb. Bu turadək qələbələri sıralayan “Məhsul” “Bakı” ilə növbəti görüşə də favorit qismində çıxmışdı. Amma ölkə çempionu istəyini reallaşdıra bilməyib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada nominal ev sahibinin imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Görüş 23:19 hesabı ilə “Bakı”nın xeyrinə nəticələnib.
“Təhsil” – U-18 görüşü ikincilər üçün əlamətdar olub. Keçirdiyi bütün oyunlarda məğlubiyyətlə barışan U-18 komandası, nəhayət aktivinə ilk xalı yazdırmağı bacarıb. Hər iki tərəfin cəhdlərinə rəğmən oyunda qalib müəyyənləşməyib – 28:28.
Turu qələbə ilə başa vuran “Bakı” “Məhsul”la xalları bərabərləşdirib. İndi hər iki komandanın aktivində 8 xal var. “Təhsil” 3 xalla 3-cü pillədədir. Autsayder U-18-in 1 xalı var.
Noyabrın 23-də keçiriləcək 5-ci turun oyunlarında “Bakı” “Təhsil”lə, U-18 “Məhsul”la üz-üzə gələcək.
