AGF ilk dəfə olaraq estafet yarışları təşkil etdi

ESTAFET/ Bugün Milli Gimnastika Arenasında 1-ci AGF Estafet Yarışları keçirilib. Azərbaycan Gimnastika Federasiyası tərəfindən ilk dəfədir ki, təşkil edilmiş bu estafetdə gimnastika növləri üzrə yığma komandaların üzvləri, onların valideynləri, eləcə də bəzi məşqçilər iştirak edib.

Yarışlara 9 komanda olmaqla 200-ə yaxın iştirakçı qatılıb. Bu komandaların adları Azərbaycan üçün mühüm məfhumların adını daşıyıb: “Şahdağ”, “Odlar Yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və “Babək”.

İştirakçılar üçün hazırlanmış 5 oyunun hər biri 3 mərhələdən ibarət olub. Çox maraqlı və əyləncəli estafetin sonunda  “Qarabağ” komandası qalib gəlib. 2-ci və 3-cü yerləri isə müvafiq olaraq, “Gülüstan” və “Babək” komandaları tutub. Mükafatçılara kuboklar təqdim olunub.

Estafet yarışlarında qaliblər elan olunsa da bu simvolik xarakter daşıyıb, əslində hər bir iştirakçı, hər bir komanda qalibdir. Çünki, onlar bu gün Arenada birlikdə yarışıb: valideynlər öz övladlarına, eyni zamanda övladları isə valideynlərinə dəstək olublar.

Bu tədbirin keçirilməsində məqsəd də həm idmançılar, həm də onların valideynləri, eləcə də məşqçilər və tamaşaçılar arasında kollektiv ruhu inkişaf etdirərək, onların fiziki hazırlığını yüksəltmək, həmçinin gimnastikanın təkcə idmançılar üçün deyil, hamı üçün olmasını əyani şəkildə göstərməkdən ibarət olub.

“Bu çox maraqlı yarışdır, çünki estafetdə təkcə idmançılar yox, həm də onların valideynləri və məşqçilər iştirak edir. Estafet iştirakçıları arasında yaş həddi qoyulmayıb, valideynlər arasında hətta gimnast Nərminə Səmədovanın nənəsi də iştirak edib. Gimnastika hamının məşğul ola biləcəyi bir növdür”, bədii gimnastika üzrə Azərbaycan milli komandasının Baş məşqçisi və  estafetin təşəbbüskarı Mariana Vasileva bildirib.

M.Vasilevanın sözlərinə görə, estafetin keçirilməsində məqsəd kollektivin, gimnastlar, onların valideynlərinin və məşqçilərin birliyidir:

“Bəzən kənardan elə görünür ki, idmançının işi asandır, çünki tamaşaçılar yalnız yekun çıxışları görür. Lakin əlbəttə, valideynlər, uşaqların məşq prosesinə nə qədər güc sərf etdiyini bilir. Estafetdəki yarışların səviyyəsi hər kəs üçün əlçatandır. Komandanı estafetə hazırlayarkən hiss edirdim ki, hər bir iştirakçı qələbə qazanmaq istəyir. Hər kəs Milli Gimnastika Arenasında hökm sürən gimnastika ruhunu hiss edir”.

Estafet yarışları bitdikdən sonra yarışın iştirakçısı, bədii gimnastika üzrə milli komandanın üzvü Nərminə Səmədova və onun nənəsi Əzizə Səmədova bildiriblər ki, bu yarışlar bütün iştirakçılara çoxlu əlvan və müsbət emosiya bağışlayıb. “Estafet əlamətdar bir hadisədir, yarışma çox xoşuma gəldi, özümü yenidən gənc hiss etdim. Ümid edirəm ki, estafet yarışlarının keçirilməsi yaxşı bir ənənəyə çevriləcək. Yalnız yaxşı təəssüratlar var, düşünürəm ki, gələcəkdə belə estafet yarışları keçirilsə, mən həmişə iştirakçılar arasında olacağam”, Əzizə Səmədova qeyd edib.

Qeyd edək ki, bu estafet həm də həmrəylik ruhunu təbliğ etmək məqsədi daşıyıb və qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunub.

Müəllif: Estafet.az