“Qarabağ” liderlə xal fərqinin artmasına imkan vermədi

ESTAFET/ Qadın həndbolçuların Azərbaycan çempionatında 9-cu turun oyunları keçirilib. İkinci dövrənin son turunda meydançaya əvvəlcə “Qarabağ” və “Azərsu” komandaları çıxıblar. Nominal ev sahibinin favorit sayıldığı görüşdə azarkeşlər gərgin mübarizənin şahidi olublar. Çempionluğa iddialı “Qarabağ” liderlə xal fərqinin artmaması üçün bu oyunda mütləq qalib gəlməli idi. “Azərsu”nun bütün səylərinə rəğmən, rəqib istəyini reallaşdırmağı bacarıb. Daha yüksək əzmkarlıq göstərən “Qarabağ” görüşü qələbə ilə başa vurub – 35:34.

Günün digər matçında isə çempionatın lideri “Azəryol” autsayder “İdman Akademiyası” komandasını sınağa çəkib. “Tələbələr” çox çalışsalar da, növbəti “imtahandan”da məyus ayrılıblar. Qarşılaşma aşkar favoritin qələbəsi ilə nəticələnib – 44:26.

Bu qələbə ilə xal ehtiyatını 16-ya çatdıran “Azəryol” liderliyi davam etdirir. “Qarabağ” ondan 2 xal geri qalır. “Azərsu” 6 xalla üçüncüdür. “İdman Akademiyası” hələ də ilk xalını qazana bilməyib.

Bu qarşılaşmalardan sonra qadınların ölkə çempionatında martın 4-dək fasilə yaranacaq. Yanvarın 15-də isə Azərbaycan kuboku turnirinə start veriləcək. Həmin gün “Azəryol” “Azərsu” ilə, “Qarabağ” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Müəllif: Məsim MƏSİMZADƏ