"Hər birinin səviyyəsi çox yüksəlib": Dominqez
ESTAFET/ Boksçulardan ibarət Azərbaycan milli komandası Tokio-2020 Yay Olimpiya Oyunları üçün lisenziya turnirlərinə hazırlığı davam etdirir. Yığmaımız ötən ilin noyabr ayından başlayan təlim-məşq toplanışının artıq son mərhələsinə start verib.
Umberto Orta Dominqezin baş məşqçisi olduğu kişilərdən ibarət komandamız Bakı-Tailand-Bakı hazırlığının ardından məşqləri Türkiyədə davam etdirir. Təcrübəli kubalı mütəxəssis səfərə yollanmazdan öncə Azərbaycan Boks Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.
O bildirib ki, 3 həftəlik təlim-məşq toplanışında əsas hədəf milli üzvlərinin rinqdəki səhvlərinin tam aradan qaldırılmasıdır: “Hazırlığımız çox yüksək səviyyədədir və boksçularımız yaxşı formadadırlar. Təlim-məşq toplanışımız davam edir. Milliyə gəldiyim vaxtla bu günü müqayisə etsək, komandamızın hər bir üzvünün səviyyəsinin çox yüksəldiyini vurğulaya bilərəm. Fiziki, taktiki və texniki hazırlığımız yarışların startınadək bitməyəcək. Son günədək bütün gücümüzü səfərbər edəcəyik. Hər şey plan üzrə getdiyindən turnirlər zamanı daha yaxşı formada olacağıq. Məşqçilər heyəti birgə boksçularımızın səhvlərini düzəldirik və çatışmazlıqları aradan qaldırırıq”.
U. O. Dominqezin sözlərinə görə, lisenziya turnirlərində heyətdə kimlərin yer alacağı hələ bəlli deyil. O qeyd edib ki, bəzi çəkilərdə 2, bəzilərində 3 boksçunu sınaqdan keçirirlər və yekunda onlardan ən güclüsü Olimpiadaya vəsiqə uğrunda mübarizə qoşulacaq: “Yığmanın hər bir üzvü ilə bağlı təhlillər aparırıq. Tailandda təlim-məşq toplanışında sınaq döyüşləri keçirdik və özümüz üçün qiymətləndirmə etdik. Hər boksçu artıq öz gücünü və nəyin üzərində işləmək lazım olduğunu bilir. Bəzi çəkilərdə 2 eyni gücdə boksçular da var. Amma bəzilərində kimin kimdən güclü olduğu bilinir. Buna baxmayaq, Londonda olacaq ilk lisenziya turnirinə hələ 1 ay vaxtımız qalıb. Ona görə də son məşqlər çox şeyə aydınlıq gətirəcək”.
Kubalı mütəxəssis bir daha xatırladıb ki, əsas hədəf Tokio-2020-yə 6 lisenziya əldə etməkdir: “Biz komandanın hər bir üzvünün Tokio Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasına çalışırıq. İşin çətinliyini də bilirik. Olimpiadaya 6 lisenziya qazansaq, çox məmnun olacağıq. Məqsədimiz 8 vəsiqədir. Amma bilirik ki, bu, elə də asan olmayacaq”.
Yığmanın baş məşqçisi Türkiyə toplanışında əsasən taktika və texnika üzərində işləyəcəklərini də sözlərinə əlavə edib: “Sınaq döyüşlərini Tailandda keçirib, özümüz üçün qiymətləndirmə çıxardığımızdan Türkiyədə yoxlama görüşləri planlaşdırmırıq. Çünki yarış öncəsi intensiv məşqlər keçəcəyik. Əgər lazım biləcəyiksə, türklərlə yoxlama döyüşləri ola bilər”.
O qeyd edib ki, martın 1-dək davam edəcək hazırlıqda lisenziya turnirləri üçün təxmini heyəti müəyyənləşdirəcək. Amma “səkkizlik” Bakıya qayıtdıqdan sonra dəqiqləşəcək.
Azərbaycan millisinin böyük məşqçisi Nəriman Abdullayev də komandamızın yaxşı formada olduğunu deyib. O bildirib ki, Tailanddan sonra Bakıda növbəti təlim-məşq toplanışını yüksək səviyyədə başa vurublar: “Fiziki, taktiki və texniki hazırlıqlar keçdik. Komandamız gündə 2 dəfə məşq edirdi. Hər gün səhər qaçır, xüsusi fiziki hərəkətlərə fikir verirdik. Axşam hazırlığında taktiki və texniki məşqlərə diqqət ayırırdıq”.
Təcrübəli mütəxəssis Türkiyə toplanışının millimiz üçün faydalı olacağına inam ifadə edib: “Orada yerli yığma və Bolqarıstan millisi ilə birgə hazırlıq keçəcəyik. Bu mərhələ sonuncu olacaq. Türkiyədə əsasən baş məşqçimizin də dediyi kimi, texniki və taktiki hazırlığa fikir verəcəyik. Bütün idmançılar tərəfimizdən xüsusi nəzarətdədir. Səhvlərini analiz edib başa salırıq, ayaqda işləmələrinə diqqət yetiririk. Bəzilərində ayaqlar yorulurdu, ondan sonra rinqdə lazımi səviyyədə işləyə bilmirdilər. Artıq bu problemi aradan qaldırmışıq. İnanırıq ki, bu da müdafiədə etibarlığı təmin edəcək”.
N. Abdullayev Kastamonuda boksçularımızın ideal forma yığacağını və Bakıya yüksək formada dönəcəklərinə inandığını da vurğulayıb.