“Məhsul” liderliyi davam etdirir

ESTAFET/ Kişi həndbolçuların ölkə çempionatında XI turun oyunları keçirilib. Günün böyük maraqla gözlənilən matçında “Bakı” və “Məhsul” komandaları üz-üzə gəliblər. Çempionluğa iddialı rəqiblərin növbəti görüşündə  “Bakı” komandası yarış cədvəlinin lideri ilə iki xallıq fərqi aradan qaldırmaq  niyyətində idi. Amma nominal ev sahibi çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Yüksək əzmkarlıq nümayiş etdirən “Məhsul” oyunu qələbə ilə başa vurub – 26:23.

Günün digər görüşündə isə “Təhsil” və U-18 komandaları qarşılaşıblar. Meydançaya favorit qismində çıxan “Təhsil” rəqibə göz açmağa imkan verməyib. Təhlükəli həmlələrin qarşısını almaqda çətinlik çəkən U-18 növbəti məğlubiyyətlə barışmalı olub – 13:29.

11 oyundan 20 xal toplayan “Məhsul” komandası çempionatın vahid lideridir. “Bakı” ondan 4 xal geri qalır. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 5 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir.

Azərbaycan çempionatında növbəti oyunlar fevralın 19-na təyin olunub. Həmin gün qadın həndbolçular meydançaya çıxacaqlar. Azarkeşləri “Azərsu” – “Qarabağ” və “Azəryol” – “İdman Akademiyası” görüşləri gözləyir.

Müəllif: Natiq NƏSİROV