Lisenziya turnirinin hazırlıqlarına start verildi

ESTAFET/ Yunan-Roma və sərbəst güləş üzrə yığmalarımız bu gündən növbəti təlim-məşq toplanışına start verib.

TMT martın 19-dan 22-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlıq xarakteri daşıyır. Yunan-Roma güləşi üzrə millimiz yarışın startına qədər toplanışı vətəndə keçəcək. Komanda baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Olimpiya Güləş Mərkəzində intensiv olaraq məşqlərini davam etdirəcək.

Sərbəst güləş üzrə millimiz isə Rusiyanın Kislovodsk şəhərində təlim-məşq toplanışına başlayıb. Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında olimpiya çəkilərində yer alan bir neçə yığma üzvü hazırlıq prosesində iştirak edir. Bunlar Georgi Edişeraşvili, Əfqan Xaşalov (hər ikisi 57 kq), Hacı Əliyev, Turan Bayramov (hər ikisi 65 kq), Toğrul Əsgərov, Hacımurad Ömərov (hər ikisi 74 kq), Osman Nurməhəmmədov, Abubakr Abakarov (hər ikisi 86 kq), Şərif Şərifov, Nurməhəmməd Hacıyev (97 kq) və Camaləddin Məhəmmədovdur (125 kq). Fevralın 29-dək qonşu ölkədə qalacaq nümayəndə heyətinə Azərbaycan Güləş Federasiyasının sərbəst güləş üzrə vitse-prezidenti Firdovsi Umudov rəhbərlik edir.

Qeyd edək ki, Hacımurad Hacıyev və Cəbrayıl Həsənov zədə üzündən bu toplanışda iştirak etmir.

Müəllif: Natiq NƏSİROV