Anna Başta və Valeriya Bolşakova 1/32 finalda uduzdu

ESTAFET/ Sablya üzrə qadınlardan ibarət milli komandamızın üzvləri Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edir.
Anna Başta (3 qələbə), Valeriya Bolşakova (3 qələbə), Sevil Bünyatova (3 qələbə) və Səbinə Kərimova (4 qələbə) qadın sablyaçıların şəxsi yarışında qrup mərhələsini uğurla adlayaraq pley-offa yüksəlib.
Pley-offun ilk görüşündə ABŞ təmsilçisi Kamali Tompsona 15:7 hesabı ilə qalib gələn Anna Başta ardınca tunisli Azza Besbes üzərində 15:6 hesablı qələbə qazanıb. Anna 1/32 finalda İtaliya sablyaçısı İren Veççiyə 10:15 hesabı ilə uduzub.
Pley-offun ilk görüşündə Almaniya idmançısı Larissa Eyfleri 15:14 hesabı ilə məğlub edən Valeriya Bolşakova daha sonra Karolin Queroli (Fransa) üzərində 15:13 hesablı qələbə qazanıb. Valeriya 1/32 finalda Mariel Zaqunisə (ABŞ) 5:15 hesabı ilə məğlub olub.
Səbinə Kərimova ilə Sevil Bünyatova isə pley-offun ilk mərhələsində müvafiq olaraq Miçela Battison (İtaliya) və Silviya Matuzsaka (Polşa) məğlub olub. Səbinə 9:15, Sevil isə 4:15 hesabı ilə uduzub.
