GÜLƏŞDƏ YENİ DƏYİŞİKLİKLƏR GÖZLƏNİLİR
ESTAFET/ Dünya Güləş Birliyi bəzi dəyişikliklər etmək niyyətindədir. Bu dəyişikliklər çəki dərəcələrinin 8-dən 10-adək artırılması və müsabiqələrin iki günlük formata keçirilməsindən ibarətdir.
İlk olaraq bu dəyişikliklər Birliyin müxtəlif komissiyalarında müzakirə ediləcək və daha sonra ətraflı qərarlar Parisdə keçiriləcək Dünya Çempionatı ərəfəsində baş tutacaq yığıncaqda qəbul ediləcək. Böyüklərdə, U-23 və yeniyetmələrdə yeni çəki dərəcələri 1 yanvar 2018-ci ildən qüvvəyə minəcək.
İkigünlük yarış formatı isə yeniyetmələrin iyulda keçiriləcək Avropa və sentyabrda keçiriləcək Dünya çempionatlarında test ediləcək. Testlər uğurla keçəcəyi halda, bu dəyişiklik də 2018-ci ilin 1 yanvar tarixindən qüvvəyə minəcək. Bu formatda güləşçilər hər yarış günü səhər çəkiyə çıxacaqlar.
Dünya Çempionatlarında liderlərin daha münasib qruplara bölünməsi üçün Birliyin Büro üzvləri güləşçilərin illik reytinqinin təşkil edilməsi üçün səs veriblər. Bu ilki Dünya çempionatı üçün reytinq Rio-2016 Olimpiya Oyunlarının və 2017-ci il qitə birinciliklərinin nəticələrinə uyğun müəyyənləşəcək. Güləşçilərin reytinq xalı əldə edə biləcəyi digər turnirlər növbəti ilin təqviminə əlavə edilə bilər.