“Barselona” və “Real”ın sabiq baş məşqçisi öldü

ESTAFET/ Əfsanəvi serbiyalı futbolçu və məşqçi Radomir Antiç 71 yaşında vəfat edib. Bu barədə "Atletiko"nun mətbuat xidməti məlumat yayıb. Lakin onun ölüm səbəbi açıqlanmayıb.

Futbolçu karyerası ərzində daha çox “Partizan”ın şərəfini qorumuş Antiç, Türkiyənin “Fənərbaxça”, İspaniyanın “Saraqosa”, İngiltərənin “Luton Taun” klublarında da legioner həyatı yaşayıb.

Məşqçilik karyerasına da “Saraqosa”da başlayan serbiyalı mütəxəssis daha sonra “Real”, “Real Ovyedo”, “Atletiko”, “Barselona”, “Selta” kimi klublara baş məşqçilik edib. 2008-2010-cu illər aralığında Serbiya yığmasını çalışdıran Antiç, karyerasının son illərində Çində işləyib. O, bu ölkənin “Şandonq Lunenq” və “Hebey Çina Fortune” klublarına rəhbərlik edib.

Müəllif: Estafet.az