"Sabah"ın sabah üçün planlaşdırdığı transfer

ESTAFET/ 17 yaşlılardan ibarət yığmanın formasını geyinmiş Bədir Ziyadovun «Sumqayıt»la şifahi razılığa gəlmişdi. "Soci"nin əvəzedici komandasında çıxış edən yarımmüdafiçinin «kimyaçılar»la 3 illik anlaşmasının rəsmiləşməsi iyuna qalmışdı. Lakin… Maliyyə çətinliyi yaşayan «gənclik şəhəri» təmsilçisi bu transferdən vaz keçmək məcburiyyətində qalıb.

20 yaşlı futbolçu indi «Sabah»a keçməyə çox yaxındır. Masazır klubu onun şərtlərini qəbul etməyə hazırdır. Bu dəfə hər şey deyildiyi kimi olsa, o, koronavirus pandemiyası başa çatandan sonra uzunmüddətli müqaviləyə imza atacaq.

Ziyadov bir müddət «Sabah»ın əvəzedicilərində oyun praktikası qazanacaq, daha sonra əsas komandaya cəlb oulnacaq. Azərbaycanda «transfer pəncərəsi» bağlanmasaydı, «ağ-göylər» indi də onun adını iştirak ərizəsinə salardı.

Gəl ki, vəziyyət «Sabah»dan daha 2-3 ay gözləməyi tələb edir. Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov açıqlamasında, hazırda heç bir yeni futbolçu ilə müqavilə imzalamadıqlarını bildirib. (sportinfo.az)

Müəllif: Natiq NƏSİROV