İkardi PSJ-yə transfer olundu

ESTAFET/ PSJ “İnter”in hücumçusu Mauro İkardinin transferini rəsmiləşdirib. PSJ-nin tvitter səhifəsində verilən məlumata görə, parislilər icarə əsasında komandanın formasını geyinən argentinalı forvardın birdəfəlik keçidi ilə bağlı qarşı tərəflə anlaşıb.

Dünən gecə saatlarında klub rəhbərləri transferin son detallarını müzakirə edib və razılığa gəliblər. Anlaşmaya əsasən, italyanlar bu keçiddən 50 milyon avro qazanacaqlar. Həmçinin sözləşməyə asanlıqla əldə ediləcək 8 milyon avroluq bonus maddəsi də salınıb.

27 yaşlı futbolçu PSJ ilə 4 illik müqavilə imzalayacaq və illik məvacibi 8 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Mauro İkardi koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılan Liqa1-də 20 oyun keçirib, 12 qol, 3 assistlə yadda qalıb. (apasport.az)

Müəllif: Bəhruz MƏMMƏDOV