2019/20 mövsümünün Əsasnaməsinə əlavələr edilib

ESTAFET/ COVID-19 pandemiyası səbəbindən mart ayından etibarən dayandırılmış 2019/2020-ci illər futbol mövsümünün Əsasnaməsinə bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən əlavə təsdiq olunub. 

Azad agent  statusuna malik oyunçu

1. Əsasnamədə qeyd olunmayan, amma meydana çıxa biləcək fors-major hallarla bağlı qərar vermək hüququnu rəhbər tutan PFL azad agent statusunda olan oyunçunun idman prinsiplərini əsas götürərək cəlb olunma müddətini 1 aprel 2020-ci il tarixdən 24-cü turun startına qədər uzadır.

2. Klub öz akademiyasının oyunçusunu istənilən vaxt sifariş edə bilər.

3. Meydana çıxa biləcək digər  transfer məsələləri ilə bağlı Peşəkar Futbol Liqası, AFFA və Oyunçuların Statusu və Transferi Komitəsi tərəfindən araşdırma aparılıb, ortaq qərar veriləcək.

Məşqlərlə bağlı göstərişlər

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın açıq havada idman yarışlarının  təşkilinə icazə verdikdən sonra məşqlərə başlamış klublar AFFA tərəfindən göndərilmiş sanitar-gigiyena təlimatına riayət etməlidirlər. Məşqlərdə riayət olunmalı ümumi müddəalar aşağıdakılardır: 

1. Komanda üzvləri məşqə qədər olan prosesdə tibbi maskalardan istifadə etməlidirlər.
2. Məşq zamanı yalnız fiziki hərəkətdə olan şəxslər üçün tibbi maska taxmaq məcburiyyəti yoxdur. Digər inzibati heyət tibbi maskada olmalıdır.
3. Futbolçuların, bazaya, stadiona gələn bütün şəxslərin hərarətləri mütəmadi olaraq nəzarətdə saxlanılmalı və onlarla həkim tərəfindən fərdi söhbət aparılmalıdır.
4. Əgər futbolçuların  bazada iki nəfərlik otaqlardan, eləcə də sosial məsafə qorunması mümkün olan otaqlardan istifadə etmək imkanı yoxdursa, oyunçular məşqə hazır formada gəlməli və oyundan sonra tələblərə uyğun olmayan otaqlarda duş qəbul etməməlidirlər.  
5. Qapalı zalların istifadəsinə icazə verilmir.
6. Fiziki hazırlığın yüksəldilməsinə yardımçı olan alətlər qazona və ya onun ətrafına istifadə üçün daşına bilər. Alətlərin dezinfeksiyası həyata keçirilməlidir.
7. Futbolçular ancaq özlərinə məxsus su qablarından istifadə etməlidirlər.
8. Oyunçular məşq zamanı eyni fərqləndirici geyimdən istifadə etməlidirlər.

Yoldaşlıq görüşləri ilə bağlı qaydalar

1.Klublar hazırlıq dövründə keçirəcəyi yoxlama oyunları ilə bağlı Peşəkar Futbol Liqasına öncədən məlumat verməlidir.

2. Yuxarıda qeyd olunan bütün qaydalar yoldaşlıq oyunları üçün də keçərlidir. Klublar, hakimlər və oyunun təşkilinə cavabdeh olan digər şəxslər Əsasnamənin müxtəlif bəndlərində qeyd olunan bütün qaydalara riayət etməlidirlər. Bütün bu məqamlar üçün komandalar məsuliyyət daşıyır.

Əvəzetmələrlə bağlı dəyişiklik

Futbolda oyun qaydalarını  müəyyən edən IFAB ali qurum FİFA-dan gələn təklifi dəyərləndirərək oyunçu dəyişiklikləri qaydalarında düzəliş edib. AFFA İcraiyyə Komitəsinin son iclasında  2019/2020-ci illər mövsümünün qarşıdakı oyunlarında  5 əvəzetməyə icazə verilib. 

Hər komandaya matç ərzində maksimum 5 oyunçu dəyişikliyi etməyə icazə veriləcək;

Matçın gedişatına mənfi təsir etməmək məqsədi ilə hər komandaya oyun ərzində maksimum 3 dəfə oyunçu dəyişikliyi etməyə icazə veriləcək;

Komandalar fasilədə də dəyişiklik edə bilərlər (bu, 3 dəfə nəzərdə tutulan limitə daxil deyil)

Əgər hər iki komanda eyni vaxtda dəyişiklik edirsə, bu, onların hər birinin 3 dəfə dəyişiklik etmək limitindən çıxılacaq;

İstifadə edilməyən oyunçu dəyişiklikləri (5) və dəyişiklik limitləri (3) əlavə edilmiş vaxta (“extra-time”) daşınacaq;

Əgər oyunun keçirildiyi cari yarış qaydalarına əsasən, oyun əlavə edilmiş vaxta gedərkən (2 hissədən ibarət əlavə vaxt), komandalara bir əlavə dəyişiklik haqqı verilirsə, bu zaman hər iki komanda üçün əlavə 1 oyunçu dəyişikliyi hüququ və 1 dəyişiklik etmək şansı yaranacaq (oyun ərzində 5 oyunçu və 3 dəfə dəyişiklik etmək haqqından istifadə edib-etməməsindən asılı olmayaraq).

Komandaların əlavə hissələr başlamadan əvvəl və hər iki hissə arasındakı fasilədə etdiyi dəyişikliklər onlara verilmiş dəyişiklik etmək limitindən çıxılmayacaq (3+1) .

Azərbaycan Kubokunun yarımfinal və final oyunu əlavə vaxta gedərsə, klublar əlavə vaxtda sayca 6-cı dəyişikliklərini həyata keçirə bilərlər. Əsas vaxtda istifadə olunmamış əvəzləmələr əlavə vaxtda daşınır.

Testin nəticəsi müsbət çıxarsa

Əgər futbolçulardan, hakimlərdən və digər üzvlərdən götürülən testlərdə  müsbət nəticə aşkarlanarsa, bu zaman daha üst qurumların tələb və tövsiyələrinə uyğun olaraq qərarlar qəbul olunacaq.

Tibbi maskadan istifadə etməli olan şəxslər

* oyunun startına qədər stadiona gələn hər kəs tibbi maskada olmalıdır (oyunçular, məşqçilər, komandanın digər işlərə cavabdeh şəxsləri, hakimlər, təşkilati işlərə cavabdeh olan şəxslər, media, yayımçı telekanallar və digər şəxslər)

* Oyunun gedişində tibbi maska taxmayacaq şəxslər:
 - baş məşqçi və isinmə hərəkətlərinə yollanan (maska taxılmamasına ancaq isinmə hərəkətləri zamanı icazə verilir)  oyunçular.
- Oyunun şərhçisi
- əvəzlənən oyunçu texniki zonaya qayıdacaqsa, tibbi maska taxmalıdır.
- tibbi maskaların təqdim olunmasına hər komandanın həkimi nəzarət edir
* Oyunlar açıq hava şəraitində keçirilsə də, hərəkətdə olmayan şəxslərin sosial məsafə qaydalarına tam əməl etmək imkanı olmadığı üçün tibbi maskalardan istifadə vacibdir.

Qeyd

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında yaradılmış Operativ Qərargahın tələb və tövsiyələrinə əsasən mövcud qaydalara dəyişiklik ediləcək.

Yekun

Yuxarıda qeyd olunan bütün məqamlara nəzarət ediləcək və  qəbul olunmuş yeni qərarlarla bağlı qayda pozuntuları (tövsiyələr xaric) protokolda qeyd olunacaq. Qeydə alınmış qayda pozuntuları İntizam Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.  Əsasnaməyə əlavələr təsdiq olunduğu tarixdən qüvvəyə minir.

Müəllif: Natiq NƏSİROV