YENİYETMƏLƏRİN DÜNYA ÇEMPİONATI - III GÜNÜN NƏTİCƏLƏRİ
ESTAFET/ Banqkokda (Tayland) ağırlıqqaldırma üzrə yeniyetmələr arasında 7-ci Dünya çempionatı davam edir.
Çempionatın üçüncü yarış günündə oğlanlar 62 kq, qızlar isə 53 kq çəki dərəcəsində mübarizəyə qoşulub. Çəki dərəcələrinin mükafatçılarını sizlərə təqdim edirik.
OĞLANLAR: 62 KQ
№ | İdmançı | Ölkə | Birdən | Təkan | Toplam |
1 | Anatoli Savelyev | KAZ | 127 | 154 | 281 |
2 |
Yunban Vey |
CHN | 126 | 150 | 276 |
3 | Muhammad Setiavan | IND | 121 | 146 | 267 |
Azərbaycan bu çəki dərəcəsində Füqan Əliyev və Elvin Abdullayevlə təmsil olunurdu. Füqan A, Elvin isə C qrupunda mübarizə aparırdı. Daha öncə körpücük üzərinə çıxan Elvin toplam 224 kq (100+124) şəkini başı üzərinə qaldıra bilib və yarışları 25-ci sırada bitirib. Füqan Əliyev isə final qrupundakı mübarizədə 252 kq (112+140) çəkini qaldırmaqla Dünya çempionatını 7-ci sırada bitirib. Qeyd edək ki, Füqan Əliyev ötən ilin oktyabr ayında Malayziyanın Penanq şəhərində keçirilən yeniyetmələrin dünya birinciliyində də iştirak etmiş və toplam 237 kq (106+131) nəticə ilə 16-cı olmuşdu. Aradan qısa keçən müddətdə gənc atletimiz öz nəticəsini 15 kq yeniləməyi bacarıb.
QIZLAR: 53 KQ
№ | İdmançı | Ölkə | Birdən | Təkan | Toplam |
1 | Menqian Yu | CHN | 85 | 104 | 189 |
2 | İl Qyonq Kim | PRK | 81 | 107 | 188 |
3 | Kamila Konotop | UKR | 85 | 101 | 186 |
Bu çəki dərəcəsində millimizin üzvlərindən Səbinə Əzimova körpücük üzərinə çıxıb və əsas qrupda mübarizə aparıb. Səbinə birdən qaldırma hərəkətində 75 kq-ı üçüncü yanaşmasında ram edib və bu hərəkətdə 8-ci olub. Təkanla qaldırma hərəkətində son olaraq 98 kq-ı ram edən Səbinə bu hərəkətdə 7-ci yeri tutub.
Toplam 173 kq (75+98) nəticə göstərən Səbinə ümumi sıralamada 8-ci pillədə qərarlaşıb. O, bununla ötən il Polşanın Novı Tomısl şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyindəki nəticəsini 21 kq yaxşılaşdırıb.