YENİYETMƏ CÜDOÇULARIMIZ AVROPA KUBOKUNDA 1-Cİ OLDULAR
ESTAFET/ Çex Respublikasında yeniyetmələr arasında cüdo üzrə Avropa kubokuna yekun vurulub.
Yarışın ilk günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 3 qızıl, 1 gümüş, 1 bürünc medal yazdırıb.
Təmsilçilərimizdən Əli Əsgərzadə (50 kq), Vüsal İbrahimov (60 kq) və Vüsalə Kərimova (40 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olublar. 55 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tanrıverdiyev yalnız finalda məğlub olaraq gümüş medal qazanıb. Eyni çəki dərəcəsində çıxış edən digər təmsilçimiz Əmrah Səlimli isə bürünc medala sahib olub.
Yarışın sonuncu günü Azərbaycan milli komandası aktivinə daha 2 medal yazdırıb.
Ölkəmizi +90 kq çəki dərəcəsində təmsil edən Məhəmməd Abdullayev bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. 90 kq çəki dərəcəsində mübarizə aparan Cəfər Əkbərli isə mötəbər turnirin bürünc medalına sahib olub.
Bununla da, ümumilikdə 4 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq yarışın yekun nəticələrinə görə millimiz Avropa kubokunu komanda hesabında birinci yerdə başa vurub.
Qeyd edək ki, 31 ölkədən 678 idmançının (422 oğlan, 256 qız) mübarizə apardığı Avropa kubokunda Azərbaycan milli komandası 28 yeniyetmə cüdoçu (24 oğlan, 4 qız) ilə təmsil olunurdu.