Akbaba “Neftçi” ilə oyunu buraxacaq
ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının II təsnifat mərhələsində “Neftçi” ilə qarşılaşacaq Türkiyə klubu “Qalatasaray” heyətində ciddi itki ilə üzləşib. Yarımmüdafiəçi Əmrə Akbaba uzun müddətə sıradan çıxıb.
İyulun 24-də Super Liqada ötən mövsümün “Antalyaspor”la son oyununda zədələnən 28 yaşlı orta sahə oyunçusu yenidən tibbi müayinədən keçib. Məlum olub ki, Türkiyə millisinin üzvü təxminən 2 ay komandaya kömək edə bilməyəcək.
Akbaba ən yaxşı halda oktyabrın ortalarında kollektivə qoşula biləcək. Bu isə o deməkdir ki, futbolçu “Neftçi” ilə Bakıdakı oyunda iştirak etməyəcək.
Qeyd edək ki, “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də keçiriləcək.