Yığma komandaların açıq məşqi keçirilib

ESTAFET/ Sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımız hazırlıq prosesini davam etdirir. Bu gün milli komandalarımızın açıq məşqi baş tutub.

Azərbaycan Güləş Federasiyasının stadionunda keçirilən hazırlıq prosesi bir saat davam edib. Dekabrda Serbiyanın paytaxtı Belqradda keçirilməsi nəzərdə tutulan dünya çempionatına, eləcə də gələn il keçiriləcək Olimpiadaya lisenziya xarakteri daşıyan turnirlərə hazırlaşan millilərimiz karantin dövründə də məşqlərə ara verməyib. Belə ki, güləşçilərimiz pandemiya ilə əlaqədar ölkədə sərt karantin tətbiq olunduğu müddətdə məşqçilərin verdiyi proqrama əsasən, ev şəraitində məşqlər edib. Karantin qaydaları yumşaldıqdan sonra kollektiv məşqlər bərpa edilib.

Hazırda yığmalarımız açıq havada hazırlıq prosesini plana uyğun olaraq davam etdirir.

Müəllif: Natiq NƏSİROV