"Bunun millimizə böyük faydası olacaq": Namiq Əliyev
ESTAFET/ “Yığmalarımıza yeni təyin olunan baş məşqçilərin uğurlu olacağına inanırıq”. Bu sözləri Azərbaycan Güləş Federasiyasının prezidenti əvəzi Namiq Əliyev keçirdiyi brifinqdə deyib.
Əliyev sərbəst güləş üzrə yığma komandanın onlar üçün böyük önəm kəsb etdiyini və bu səbəbdən olimpiya çempionu Namiq Abdullayevi baş məşqçi postuna gətirmək qərarına gəldiklərini söyləyib: “Olimpiya Oyunlarına çox az vaxtımız qalıb. 11 ay elə böyük müddət deyil. Buna baxmayaraq, Namiq Abdullayevin bu vəzifənin öhdəsindən gələcəyinə inanırıq. Onsuz da, bir neçə ay idi ki, komandanı ona həvalə etmişdik, məşqləri keçirdi. İdmançıların ona olan münasibətinə, Abdullayevin onlara düzgün istiqamət verməsinə nəzər yetirdikdə baş məşqçi təyinatını rəsmiləşdirməyi məqsədəuyğun bildik”.
Qurum rəhbəri koronavirus pandemiyası səbəbindən yaranmış karantin dönəminin yunan-Roma güləşçilərimizin xeyrinə işlədiyini düşünür: “Bir neçə idmançımız zədəli idi. Hətta martda Macarıstanda keçirilməli olan lisenziya turniri öncəsi problemlər yaşayırdıq. Yunan-Roma güləşçilərimizin artıq zədə ilə bağlı heç bir problemi qalmayıb, hamısı yaxşı durumdadır. Kimi nəzərdə tutmuşuqsa, onların hamısı yaxşı formadadır. Bunun millimizə böyük faydası olacaq. Baş məqçimiz Aleksandr Tarakanov komandada böyük irəliləyişə nail olub. Hazırda elə çəki var ki, orada eyni səviyyədə 3 güləşçimiz var. Onların hər biri Azərbaycanı təmsil etməyə hazırdır”.