XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT MİNGƏÇEVİRDƏ
ESTAFET/ IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinin Şəmkirdən sonra növbəti ünvanı Mingəçevir şəhəri oldu. Mingəçevir şəhərində su səyahətinə Kür çayından su götürülməklə start verildi.
Kür çayında hərəkət edən motorlu qayıqda olan sambo üzrə dünya çempionatının gümüş medalçısı Ayaz Ümidəliyev, yunan-Roma güləşi üzrə yeniyetmələr arasında respublika çempionu Cavanşir Qasımov, üzgüçülük həvəskarı İsfəndiyar Kərimov “Bakı-2017”nin misdən hazırlanmış səhəngini Kür çayının suyu ilə doldurdular. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində Mingəçevir şəhər Kür Olimpiya Tədris İdman mərkəzində daha bir möhtəşəm layihə, “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Tədbirin qonaqları arasında Bakı 2017, 4-cü İslam Həmrəyliyi Oyunlarının idmançı səfiri Rəsul Çunayev də var idi. Mərasim axşam saatlarında Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi.
Azərbaycan ərazisini əhatə edən və Xəzərdən başlayan səyahətin növbəti dayanacağı 25 aprel tarixində Qax rayonu olacaq.