BŞH JURNALİSTLƏRİ YENƏ BİR ARAYA TOPLADI

ESTAFET/ Formula 1 yarışlarının Azərbaycan üzrə təşkilatçısı olan Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti müxtəlif sahələrdən olan insanlarla görüşlərini davam etdirir. Belə görüşlərdən biri bugün Avropa Oyunları Parkındakı Bakı Marşal Mərkəzində baş tutub. Bu görüş Azərbaycan Qran Prisidə akkreditasiya üçün müraciət edən jurnalistlər üçün nəzərdə tutulmuşdu. "Formula-1 yarışının ümumi qaydaları ilə nəzəri və praktiki tanışlıq” mövzusunda jurnalistlərlə təlim xarakterli səmərəli keçirilib.

 

Təlim zamanı jurnalistlərə Formula 1 yarışlarının keçirilmə qaydaları, yarışın idarə olunması və ona nəzarət edən heyətin, o cümlədən marşalların əsas vəzifələri, həmçinin çempionatla əlaqədar digər zəruri məqamlar haqqında məlumatlar verilib. Təlimdə iştirak edən jurnalistlər yarışın necə idarə olunması ilə bağlı praktiki biliklərə yiyələnərək, qaydaların necə tətbiq olunması haqqında məlumatlar əldə ediblər. Tədbirdə çıxış sözü ilə açan BŞH-nin marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai bildirib ki, bu təlim jurnalistlər üçün də çox vacibdir: “Biz yerli jurnalistlərin Formula-1 yarışının incəliklərinə yiyələnmələri üçün mütəmadi olaraq təlimlər təşkil edirik. Təbii ki, dünyada ən məşhur idman növlərindən sayılan Formula-1 çempionatını səhih və oxunaqlı şəkildə təqdim etmək üçün jurnalist ilk növbədə trekdə nə baş verdiyinə dərindən bilməlidir. Bu məqsədlə biz yarışın əsas reqlamentlərinə işıq salmaq üçün bilavasitə Bakı Marşal Klubunu təlimçi qismində işə cəlb edirik". O qeyd edib ki, bu, Azərbaycan Qran-Prisindən əvvəl keçirilən sonuncu irimiqyaslı təlimdir. Qeyd edək ki, təlimdə müdia nümayəndələrinə Formula 1 yarışları zamanı bu günə qədər baş verən hadisələrdən görüntülər və şəkillər təqdim edilib və bunların səbəbləri izah edilib. Tədbirdə iştirak edən Formula-1 yarışlarının azərbaycanlı marşalları da öz təcrübələrini jurnalistlərlə bölüşüblər. Eyni zamanda Formula 1 Azərbaycan yarışının səfiri Rəhim Əliyev Formula 1 qaydaları haqqında jurnalistlərə geniş məlumat verib.