FƏNƏRBAXÇANIN ARDINCA MOİK - AVROLİQA

ESTAFET/ Basketbol üzrə Avropanın ən nüfuzlu turniri olan Avroliqada artıq "Dördlər finalı"nın iştirakçıları müəyyənləşir. Bu gün keçirilən "Baskoniya" - "MOİK" qarşılaması ilə artıq "Dördlər finalının" ikinci iştirakçısının adı müəyyən olunub. Ruslar İspaniya səfərindən də qələbə ilə (88-90) dönərək, Türkiyənin "Fənərbaxça" klubunun ardınca bu hüquqa yiyələnib. Xatırladaq ki, daha öncə Moskvada keçirilən hər iki görüşü də (98:90, 84:82) öz xeyrinə başa vuran "MOİK" seriyada hesabı 3:0 edib.

 

Xatırladaq ki, ilk olaraq Türkiyənin "Fənərbaxça" klubu Afina səfərində 18 və 20 aprel tarixlərində keçirdiyi hər iki görüşdə Panatinaikos klubuna qalib gəlməklə (71:58, 80:75) demək olar ki, cütün taleyini həll etmişdi. Bir neçə saat öncə İstanbuldakı ilk oyundaca sarı-lacıvərdlilər 79:61 hesablı qələbə ilə yunanlara seriyanı uzatmalarına imkan vermədilər.

 

"Dördlər finalın"a qatılmaq üçün qalan iki vəsiqə uğrunda daha iki türk klubu mübarizə aparır. "Daruşşafaka" klubu ispan nəhəngi "Real Madrid", "Anadolu Efes" isə adlı-sanlı yunan "Olimpiakos"u ilə qarşılaşacaq. Xüsusilə vurğulamaq yerinə düşər ki, hər iki klub səfərdən sərfəli nəticə ilə dönür. Belə ki, səfər qarşılaşmalarından sonra seriyada hesab 1:1-dir.

 

Qeyd edək ki, "Dördlər finalı" 19-21 may tarixlərində İstanbulda keçiriləcək.