XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT QAXDA

ESTAFET/ “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları ilə bağlı “Xəzərdən başlayan su səyahəti”nin növbəti dayanacağı Qax rayonu oldu. Su səyahəti respublikamızın dilbər guşələrindən biri sayılan Qax rayonunun qədim İlisu kəndindəki Ram-rama şəlaləsindən start götürdü.


Rayon mərkəzindən 12 kilometr məsafədə, dəniz səviyyəsindən 1400 metr yüksəklikdə, Kürmük və Hamamçay çaylarının sahilində yerləşən İlisu kəndi Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Tarixi abidələri ilə zəngin olan bu diyar termal suları və füsunkar şəlalələri ilə də tanınır. Bu şəlalələrdən ən məşhuru Ram-rama şəlaləsidir. Öz başlanğıcını “Latlar” adlanan dağ sahəsindəki bulaqlardan götürən və hündürlüyü təxminən 70 metr olan Ram-rama şəlaləsi Azərbaycanda ən yüksək şəlalə hesab olunur. Yerli əhali bu şəlaləni İlisu kəndinin üzük qaşı da adlandırır. Sərt keçən qış aylarında şəlalənin suyu donur və əsrarəngiz mənzərə yaradır.

 

Su mərasimi səhər saatlarında Ram-rama şəlaləsindən səhəngə suyun doldurulması ilə başlanıb. Qax şəhər 5 nömrəli tam orta məktəbin şagirdi, voleybol və rəqs həvəskarı Ayşən Hüseynova, yunan-Roma güləşi üzrə Avropa çempionatının bürünc mükafatçısı Əli Əminzadə və sərbəst güləş üzrə SSRİ idman ustası Məmməd Qasımov şəlalədən suyu götürüblər.

 

Günorta saatlarında Qax Olimpiya İdman Kompleksində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları “Domestic Grassroots” proqramı çərçivəsində regional idman tədbiri keçirilib. Tədbirdə Oyunların ulduz səfiri Tünzalə Ağayeva çıxış edərək, Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizin həyatında mühüm hadisə olduğunu bildirib, yarış iştirakçılarına uğurlar arzulayıb.