Antirekord üçün Messiyə 2 cəhd qaldı

ESTAFET/ İspaniya La Liqasının XIV turunda “Valensiya”nı qəbul edən “Barselona” 2 xal itirib – 2:2. Həmin qarşılaşmada penaltini qola çevirə bilməyən Kataloniya klubunun kapitanı Lionel Messi antirekorda bir qədər də yaxınlaşıb.

Argentinalı ulduz futbolçu 13-cü dəfə penaltini qaçırmaqla La Liqa tarixində ikinci pilləyə yüksəlib. Bu baxımdan antirekord “Atletiko” və “Real”ın sabiq futbolçusu Uqo Sançesə məxsusdur. O, 15 dəfə onbirmetrlik zərbəni qolla tamamlaya bilməyib.

Messi eyni zamanda La Liqa tarixində 72-ci dəfə penalti zərbəsi yerinə yetirib ki, bu sayda rekordçu olan keçmiş “Real”lı Kriştianu Ronaldoya çatıb.

Qeyd edək ki, dünənki görüşdə fərqlənən Leo “Barselona”da 643-cü qoluna imza atıb. O, bir klubda vurulan qol sayında futbol kralı Pelenin rekordunu təkrarlayıb.

Müəllif: Natiq NƏSİROV