Media üçün akkreditasiyaya start verildi
ESTAFET/ Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti martın 2-də Hilton otelində yerli Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri üçün 2021 Formula 1 Azərbaycan Qran Prisinin akkreditasiya qaydaları haqqında seminar keçirib.
İyirmidən çox jurnalistin iştirak etdiyi seminarda, iştirakçılara bu ilin yayında Bakıda 5-ci dəfə keçiriləcək Formula 1 yarışının akkreditasiya prosesi haqqında ətraflı məlumat verildi. Bildirilib ki, yerli media nümayəndələri üçün nəzərdə tutulan akkreditasiya prosesi 2-20 mart tarixləri arasında onlayn qaydada, BŞH-nın rəsmi internet səhifəsi (https://www.bakucitycircuit.com/az/media-accreditation) vasitəsilə həyata keçiriləcək.
Artıq 5 ildir ki, yerli media nümayəndələri, Formula 1 management və Beynəlxalq Avtomobil Federasiyası ilə birgə qurduğumuz səmərəli işin nəticəsi olaraq hər il mütəmadi olaraq 100-dən çox milli mətbuat nümayəndələri və fotoqraflar, 7 milli televiziya qurumu yarışa akkreditasiya alır. Bu mövsümdə pandemiya ilə əlaqədar olaraq bütün dünya üzrə müşahidə olunan jurnalist akkreditasiyası saylarına qoyulan məhdudiyyətləri nəzərə alaraq, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti mətbuat nümayəndələrini akkreditasiya dövründə daha operativ və səmərəli iş birliyinə çağırır.
Azərbaycan Qran Prisi daxil olmaqla bütövlükdə 2021 FIA Formula 1 Dünya Çempionatında yer alan hər bir yarış üçün media nümayəndələrinin akkreditasiyası Beynəlxalq Avtomobil Federasiyası (FIA) və Formula One Management (FOM) şirkəti tərəfindən kurasiya olunur.
Qeydiyyatdan keçmək istəyən jurnalistlər BŞH-nin rəsmi veb-səhifəsinə daxil olaraq müvafiq formanı doldurmalı və tələb olunan sənədləri sistemə yüklədikdən sonra onlayn qaydada müraciət etməlidirlər. Natamam və ya vaxtından gec göndərilmiş müraciət formaları nəzərə alınmayacaq.