AVROPA ÇEMPİONATINA İKİNCİ HEYƏTLƏ

ESTAFET/ Qəbələdən təlim məşqlərdən dönən milli komandamız böyüklərin Avropa çempionatına yollanır. Azərbaycan Milli Karate Federasiyasının məlumatına görə, Türkiyənin Kocaeli şəhərində 52-ci Avropa çempionatında kişilərin ikinci heyəti iştirak edəcək.


Federasya rəhbərliyi əsas heyətin 13-14 may tarixlərində Bakıda 4-cü İslam Həmrəyliyi Oyularının karate yarışlarında mübarizə aparmasını qərara alıb. Qadınlar isə qitə çempionatında əsas heyətlə çıxış edəcəklər.


Kişilərin fərdi yarışlarda Tural Ələkbərli (60 kq), Tural Ağalarzadə (67 kq), Samir Məmmədov (75 kq), Pənah Abdullayev (84 kq) və Şahin Atamov (+84 kq) iştirak edəcək. Komanda turnirində onlara Əli Cəfərovla Orxan Heydərli qoşulacaq.

 

Qadınlardan Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) komanda yarşlarında da mübarizə aparmaqla son avropa çempionu titulunu qorumağa çalışacaqlar.

 

Kata üzrə böyük məşqçi Vahid Ayvazov və köməkçisi Vüqar Kərimov ilk dəfə komanda yarışlarında İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevi sınaqdan çıxaracaqlar. Fərdi kata yarışlarında isə son avropa üçüncüsü Roman Heydərov titulunu ən azı təkrarlamağa səy göstərəcək.


Kişi və qadınların 52-ci Avropa çemponatında 44 ölkədən 424 karateçi iştirak edəcək. Beynəlxalq hakimlərimiz, federasiyanın Hakimlər komitəsinin sədri Cahangir Babayevlə AMKF-in vitse-prezidenti Yusif Məmmədov Kocaelidə 52-ci Avropa çempionatını idarə edənlər arasında olacaq. 


Çempionatdan bir gün əvvəl, mayın 3-də Avropa Karate Federasiyasının (EKF) növbəti Konqresi keçiriləcək. Gündəlikdə duran məsələlərdən biri, İcariyyə Komitəsinə seçki olacaq. Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Yaşar Bəşirov seçkidə namizəd kimi iştirak edəcək.