Serblərin qəniminin futbolçu həyatı və qisas anı

ESTAFET/ Qurban Qurbanovun futbolçu karyerası gözümün önümdə keçib. "Neftçi"də və milli komandada oynadığı dövrləri yaxşı xatırlayıram. Peşəkar komandalar arasında ömrümdə ilk dəfə stadiondan izlədiyim matçda heç vaxt unutmadığım bir epizod yaddaşıma həkk olunub. Bu hadisənin üstündən düz 25 il ötür.

Söhbət Azərbaycan klublarının tarixdə ilk avrokubok qələbəsi ilə bitən "Neftçi"-"Lokomotiv" Sofiya oyunundan gedir. Həmin mövsüm Qurban 34 qolla Azərbaycan çempionatının bombardiri olacaqdı...

Matçın son dəqiqəsində hesab 1:1 olanda Qurban Qurbanov qapıçı ilə üzbəüz qalır yanında Samir Ələkbərov ötürmə istəyir ki, boş qapıya qələbə qolunu vursun. Amma Qurban özü zərbə endirir və qapı çərçivəsinə düşə bilmir. Buna kəskin etiraz edən Samir Ələkbərov təəssüfündən və acığından ağlayır. Samirin ağladığını təbii ki, Tofiq Bəhramov adına stadionun tribunasından görə bilməzdim. Bu kadra sonra televizorda baxmışdım. Çox təəssüf ki, həmin matçın tam videosuna rast gəlməmişəm. İndiyəcən yalnız Vidadi Rzayevin bolqarların qapısından keçirtdiyi mükəmməl qolu İdman TV-də görmüşəm. Uzun sözün qısası, Qurban Qurbanovun həmin matçın son dəqiqəsindəki "xəsisliyi" Azərbaycanı  tarixində ilk avrokubok qələbəsindən məhrum edə bilərdi. Yaxşı ki oyunun əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Yaşar Vahabzadə mərkəzin yanından fantastik vuruşla komandamıza 2:1 hesablı qələbə gətirdi. 

Əslində əminəm ki, Qurban həmin epizodda Samirə məhsuldar ötürmə vermək əvəzinə özü tarixə düşmək istəyi ilə qapıya zərbə endirməmişdi. Çünki, açıq etiraf edim ki, futbolçu Qurban Qurbanovun ustalıq səviyyəsi arzuolunandan uzaq idi. 

Əslində Qurban güləşçi ola bilərdi. Bədən quruluşundan da güləşçi keçmişi görülür. Amma Zaqatalanın Aşağı Tala kəndinin uşağının taleyində adını Azərbaycan futbolunun tarixinə yazdırmaq vardı və bunda əsgərlikdən qayıdan böyük qardaşı Musanın istəyi də çox əhəmiyyətli rol oynadı. 

Qurban futbolla geç məşğul olmasını və xüsusi istedadla seçilməməsini işgüzarlığı və döyüşkən xarakteri ilə konpensasiya edirdi. Elə məşqçi kimi də bu yerlərə gəlməsində həmin keyfiyyətlərin rolu böyükdü.

Məhz işgüzarlığı və xarakteri Qurbanı "Neftçi"nin heyətində Azərbaycan çempionatının bombardiri etdi, daha sonra Rusiya birinci dəstəsində "Fakel"in liderinə çevirdi. Qurbanın yıxılaraq başı üzərindən vurduğu qol həm Voronej klubunu güclülər dəstəsinə yüksəltdi, həm də bu qolun fotosu "Sport Ekspress" kimi həmin dövr postsovet məkanının ən tirajlı idman qəzetinin ilk səhifəsini, "Курбан Курбанов"  adı isə manşeti bəzədi. 

Qurbanın xarakteri başqa məqamlarda da özünü birüzə verirdi. Məsələn, müsahibəsində Rusiya mediasına "Mən Kurban Kurbanov deyiləm, Qurban Qurbanovam, adımı düz yazın" demişdi. 

Qurbanın Rusiya yüksək liqasında oyunu alınmadı, zədə və açıq etiraf etmək lazımdı ki, futbolçu kimi artıq həmin səviyyədə "dartmaması" buna mane oldu. 

Hər şeyı rəğmən, istedadsız və "məktəbsiz" kənd uşağı işgüzarlığının sayəsində milli komandamızın aparıcı hücumçusuna çevrildi və illər öncə karyerasını bitirsə də,  bugünəcən millinin heyətində ən çox qol vuran futbolçu ünvanını qoruyur.

Azərbaycanı udaraq tarixində ilk qələbəsini qazanan Lixteynşteynlə nəticə baxımından faciəvi oyunda Qurban komandamızın yeganə qoluna imza ataraq seçmə matçlarda ilk dəfə fərqləndi. 

"Cırtdanlar"la Bakıda qələbəmizlə qarşılaşmada isə mən meydanın kənarından fotoqraf kimi Qurbanovun qolunu və qol sevincini çəkdiyimi xatırlayıram. 

Qurban Qurbanovun milli karyerasında ən yaddaqalan oyun 2003-ci il fevralın 12-si Podqoritsada Serbiya və Çernoqoriya - Azərbaycan qarşılaşmasıdı. 

Aşkar favorit heyətində dünya futbolunun ulduzlarının toplandığı meydan sahibləri idi. Proqnozlar oyunun gedişində də doğrulurdu. Meydan sahibləri Madrid "Real"ından tanıdığımız Predraq Miyatoviç və "Fənərbağça"dan tanıdığımız Nikola Lazetiçin qolları ilə 58-ci dəqiqəyəcən qalib gəlirdi. Amma De Byazinin indi 1 saata aldığı maaşı 1 aya almayan Əsgər Abdullayevin rəhbərlik etdiyi komandada bu an səhnəyə qitə futbolunda kimsənin adını eşitmədiyi Qurban çıxdı. Hüçumçunun 58 və 77-ci dəqiqələrdə vurduğu qollarla Azərbaycan milli komandası tarixində ilk dəfə bir seçmə matçda səfərdə məğlub olmamağı bacardı. Qurbanovun ikinci qolu xüsusən baxımlı idi. Belə qolları usta forvardlar vurur. Futbolçu kimi məktəbi "axsayan" Qurban da xarakteri və işgüzarlığı ilə ustalığını bu cür mini-şedevr yaradacaq səviyyəyə qaldıra bilmişdi. 

Serbiya və Çernoqoriya ilə Bakıdakı matçda isə millimiz unudulmaz əzmkar qələbə qazandı. Bu dəfə də hər şeyi Azərbaycanda həmin ilin futbolçusu seçiləcək Qurban başladı. Millimiz hesabda geridəykən 88-ci dəqiqədə onun penalti vuruşu ilə bərabərliyi yaxalayan komandamız 90-cı dəqiqədə gələn qolla "ulduzlar toplumu"nu məğlub etdi. 

Bütün bunlar futbolumuzun pulsuz, "peraşki dövründə" yaşanırdı. İndi Azərbaycan futbolunda maliyyə imkanları, futbolçuların qazancı həmin dövrlə müqayisəedilməz dərəcədə yüksəkdi. 

Üstəlik, Vətən müharibəsinin sevincli anları ilə yanaşı kədərli anları da əbədi yaddaşımıza həkk olunub. 

Azərbaycanla geniş əlaqələrə malik Serbiyanın ermənilərə gizlicə silah satması və bu silahların atəşləri ilə şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızın qanı hələ soyumayıb. 

Serblərin silahları ilk olaraq ötən ilin iyulunda ermənilərin Tovuza hücumu zamanı Azərbaycana qarşı geniş istifadə edilmişdi. Kim bilir, həmin hadisələrdə şəhidlik zirvəsinə ucalan Polad Həşimova qarşı da bəlkə də elə Serbiyanın xaincə Ermənistana satdığı silahlardan istifadə edilmişdi...

Bütün deyilənləri nəzərə alaraq millimizin bu axşam Bakı Olimpiya Stadionunda keçirəcəyi oyunun sıradan bir mücadilə olmadığını deyə bilərik. Bu qarşılaşmadan gözləntimiz yalnız futbol hesabı yox, həm də ölkələr arasında münasibətlərimizə ləkə qatan Serbiyanın silahları ilə şəhid olan qəhrəmanlarımızın hesabıdı. Bu mənada çox prinsipial və gərgin bir mübarizəyə şahidlik edəcəyimiz şübhəsizdi.

İnanaq ki, Qurban Qurbanov kimi sələfləri olan futbolçularımız bu gün BOS-da qalib gələcək! Milli komandamıza uğurlar! 

Müəllif: Anar ŞABANOĞLU