Seçmə mərhələlərin bombardirləri -

ESTAFET/ Futbol üzrə DÇ-2022-nin seçmə qrup mərhələsinin III turuna bu gün start veriləcək. Oyunlar öncəsi dünya çempionatlarının təsnifat mərhələlərində ən çox qol vuran futbolçuların adları açıqlanıb.
Avropa zonası üzrə bombardirlər siyahısına Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo başçılıq edir. Cədvəldə ilk “5-lik” belədir:
1. Kriştianu Ronaldo - 30 qol
Yığma forması altında 100 qol səddini keçən yeganə avropalı olan Ronaldo dünya çempionatlarının seçmə mərhələlərində 38 oyunda iştirak edib, rəqib qapılarına 30 dəfə yol tapıb.
2. Andrey Şevçenko - 26 qol
Ukrayna futbol tarixinin ən parlaq simalarından olan Şevçenkonun aktivində 26 top var. Millinin hazırkı baş məşqçisi futbolçu karyerası ərzində yalnız 2006-cı ildə mundial görüb.
3. Edin Dzeko - 24 qol
“Mançester Siti” və “Roma” kimi klubların şərəfini qoruyan Dzeko Bosniya və Herseqovina millisi ilə DÇ-2014-ə qatılıb. 35 yaşlı forvard yığmada 59 dəfə fərqlənib. Bu qolların 24-ü DÇ-lərin seçmə mərhələlərinə təsadüf edib.
4. Robert Levandovski - 24 qol
Son illərin ən çox qol vuran futbolçusu olan polşalı bu performansını davam etdirərsə, liderlər mövqeyinə qədər irəliləyə bilər. Andorra ilə görüşdə dubl edən Levandovski bununla qollarının sayını 24-ə yüksəldib.
5. Zlatan İbrahimoviç - 19 qol
Beş illik fasilədən sonra yenidən İsveç yığmasının formasını geyinən İbrahimoviç seçmə mərhələlərdə 19 qola imza atıb. Ancaq qayıtdıqdan sonra hələ fərqlənə bilməyib.
Qeyd edək ki, 7-ci seçmə mərhələdə qüvvəsini sınayan Azərbaycan millisinin bu yarışda ən məhsuldar oyunçuları Vaqif Cavadov və Əfran İsmayılovdur. Yığmamızın sabiq üzvləri DÇ-lərin seçmə mərhələlərində hərəyə 3 dəfə fərqləniblər.
