XƏZƏRDƏN BAŞLAYAN SƏYAHƏT QARADAĞDA
ESTAFET/ Xəzər dənizindən start götürən Bakı 2017 ümumxalq səyahət turu dünən Qaradağın qonağı olub.
Bu əlamətdar günlə əlaqədar dünən səhər ilk olaraq Masazır gölü ətrafında tədbir keçirildi. Abşerondakı Masazır gölü dünyada səkkiz “çəhrayı göl”-dən biri hesab olunur. Onun qeyri-adi rəngi suda və duzun tərkibində yaşayan mikroorqanizmlərlə izah olunur.
Su mərasimi şahmat və rəsm həvəskarı Mirəkrəm Bağırlı, karate üzrə Dünya və Avropa Çempionatlarının qızıl medal mükafatçısı Sədi Namazov və boks üzrə Dünya Çempionatının qızıl medal mükafatçısı Fərhad Acalov tərəfindən göldən səhəngə su doldurulması ilə nümayiş etdirildi. Daha sonra Su səhəngi axşam keçirilən Su festivalında təqdim edildi.
Daha sonra günorta saatlarında “Domestic Grassroots” proqramı çərçivəsində “Sport joys – Regional idman tədbiri” həyata keçirildi. Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının təbliğatı və gənclərin idmana cəlb edilməsi məqsədi ilə həyata keçirilən tədbirdə müxtəlif idman müsabiqələri təşkil olundu.
Mərasim axşam saatlarında Qaradağ rayonu, Heydər Əliyev Parkında keçirilən Su festivalı tədbiri ilə davam etdi. Eyni zamanda, tədbirdə 5 aprel tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Su mərasiminin başlanğıcında Xəzər dənizinin suyu ilə dolu olan Su səhəngini Qaradağ sakinlərinə təhvil verməsi görüntüləri də əhaliyə təqdim olundu.