“Sidik analizi verməkdən imtina etdim”:

ESTAFET/ Məlum olduğu kimi, Azərbaycan Milli Antidopinq Agentliyi Azərbaycan Velosiped İdmanı Federasiyasında millinin üzvü olmuş Elfanə Camalovanı iki illik cəzalandırıb.

O, dopinq analizi verməkdən imtinaya görə cəza alıb. Maraqlı məqam isə budur ki, cəzalandırılan Elfanə həmin vaxt idmanı atıbmış. Buna görə də onun cəzası yalnız idmana qayıtdığı vaxtdan etibarən hesablanacaq. Oxu.az məsələ ilə bağlı velosipedçinin özünü tapıb.

O bildirib ki, gözündəki əməliyyat olması səbəbindən karyerasını erkən yaşda bitirməli olub:

“Ötən ilin iyulunda gözümdən əməliyyat olunmuşdum. Həm əməliyyat, həm də müalicə və bərpa prosesi üçün qəbul edilən dərmanlarla bağlı federasiyanın həkimi Olqa Panina prosedura uyğun olaraq AMADA-nı yazılı şəkildə məlumatlandırmışdı. Əməliyyat səbəbindən bir müddət məşq edə bilmədim və sentyabr ayının əvvəllərində peşəkar idmandan uzaqlaşmaq qərarına gəldiyimi yazılı şəkildə federasiyaya bildirdim. Qaydalara əsasən, Qeydiyyata Alınmış Test Qrupuna daxil olan idmançı peşəkar idmanı tərk etməklə bağlı qərar verdikdə bu barədə AMADA da yazılı olaraq məlumatlandırılmalıdır. Federasiya mənim bu qərarı əməliyyat sonrası emosional durumumla əlaqələndirərək bəlkə fikrimi dəyişə biləcəyimi ehtimal etdiyindən, 2-3 gün gözləməyi qərara aldı”.

Daha sonra Elfanə Camalova sidik analizi verməkdən imtina etdiyini təsdiqləyib. 18 yaşlı Elfanə səbəbi belə izah edib:

“Sentyabrın 10-da AMADA əməkdaşları test nümunəsi götürmək üçün yaşadığım ünvana gəldilər. Mənim ailəm Zaqatalada yaşayır. Elə həmin gün ağır xəstə olan anamı ziyarət etmək üçün Zaqatalaya getmək məqsədilə səhər saat 11-ə nəqliyyat sifariş etmişdim. AMADA əməkdaşları da evimə saat 10:20-10:30 radələrində gəlmişdilər. 30-40 dəqiqə ərzində sidik nümunəsinin toplanmasının mümkün olmayacağını deyərək onlara durumu izah etdim. Anamın xəstə olmasını, üstəlik göz əməliyyatı sonrası psixoloji durumumu nəzərə almalarını xahiş etdim və yarım saat sonra nəqliyyat vasitəsinin gələcəyini deyərək qan analizi vermək təklifi etdim. Amma AMADA əməkdaşları sidik nümunəsinin də toplanmasının zəruri olduğunu dedilər (hüquqi cəhətdən AMADA əməkdaşlarının buna ixtiyarı çatır – S.M.). Belə olan təqdirdə mən idmanı tərk etmək qərarına gəldiyimi, bu barədə artıq federasiyanı məlumatlandırdığımı və analiz verməkdən imtina etdiyimi bildirərək bunu yazılı şəkildə imzamla təsdiq etdim.

Bundan sonra AMADA analiz toplanmasından imtina səbəbi ilə araşdırma aparıb və yekunda mənə iki illik cəza verib. Onu da qeyd edim ki, bunadək mən müntəzəm olaraq AMADA əməkdaşlarına analiz vermişəm və orqanizmimdə heç zaman qəbulu qadağan olunmuş maddə aşkarlanmayıb. Artıq karyeramı bitirdiyimdən, bu cəzanın mənim həyatıma hər hansı bir mənfi təsirinin olacağını düşünmürəm”.

Müəllif: Estafet.az