İlk dövrədə 1 qələbə, 2 məğlubiyyət
ESTAFET/ Kişi voleybolçular arasında AVRO-2021-in seçmə mərhələsinin F qrupunda I dövrəyə bu gün yekun vurulub.
Apasport.az saytının məlumatına görə, oyunları Gürcüstanda keçirilən dövrədə Azərbaycan yığması son matçına çıxıb.
Baş məşqçi əvəzi Pərviz Səmədovun yetirmələri qrupun lideri Yunanıstanla üz-üzə gəlib. Monteneqroya 1:3 hesabı ilə uduzan, ardınca Gürcüstanı üç setdə məğlubiyyətə uğradan millimiz Ellada təmsilçisinə uduzub. Rəqib "quru hesabla" qalib gəlib.
Qrupda dövrənin son görüşündə isə meydan sahibləri Monteneqro ilə üz-üzə gəliblər. Gürcülər yenə set qazanmadan məğlub olublar.
Beləliklə, voleybolçularımız ilk dövrəni 3-cü yerdə bitiriblər. İkinci yarının oyunları Monteneqroda təşkil olunacaq. Görüşlər mayın 14-16-da baş tutacaq.
Qeyd edək ki, seçmə mərhələnin 7 qrupunda 1-ci yeri tutan komandalar, həmçinin ikinci yer sahiblərindən ən yaxşı nəticəyə malik 5 yığma dörd ölkədə təşkil olunacaq AVRO-2021-ə yüksələcək.
AVRO-2021-in seçmə mərhələsi
F qrupu
III tur, 9 may 2021
15:30. Yunanıstan – Azərbaycan - 3:0 (25:21, 25:19, 25:18)
Hakimlər: Dobromir Dobrev (Bolqarıstan), Mixail Medved (Ukrayna)
Tbilisi. Yeni Voleybol Arenası