Honda “Neftçi”dən gedəcəyini açıqladı

ESTAFET/ “Qarabağ”la oyun bizim üçün çox ağır alındı. Qarşılaşma ərəfəsində baş məşqçimiz dedi ki, bu gün yalnız nəticə vacibdir”.

Bunu “Neftçi” ilə Azərbaycan çempionu olan Keysuke Honda deyib.

Yaponiyalı futbolçu Premyer Liqanın son turunun “Qarabağ”la oyununda qazanılan çempionluq barədə fikirlərini “1news.az” saytına açıqlayıb. O, ölkəmizdə qazandığı qızıl medalın dəyərli olduğunu bildirib: “Mənim üçün də meydanda 60-70 dəqiqə olmaq ağır idi. Amma indi əsas nəticədir. “Neftçi” ilə Azərbaycan çempionu olduğum üçün çox xoşbəxtəm. Karyeramda son illər çox hadisələr baş verib. Ancaq bu mövsümün yekununda mən xoşbəxtəm. Klubuma cəmi 2 ay əvvəl qoşuldum və dərhal da çempion oldum. İnanılmaz uğurdur. Mənə bu imkanı yaradan hər kəsə təşəkkür edirəm. Bu gün karyeramın ən yaxşı günlərindən biri idi. Bu anı unutmayacağam, uğurumu komanda yoldaşlarım və azarkeşlərimizlə bölüşmək istəyirəm. Mən Azərbaycanı həmişə xatırlayacağam”.

Bakı klubu ilə qısamüddətli müqaviləsi başa çatan yaponiyalı ölkəmizdə qalmayacağını da qeyd edib: “Neftçi”yə keçdiyim vaxt mətbuat konfransında demişdim ki, 2 aylıq, çempion olmaq üçün gəlmişəm. Biz də bunun öhdəsindən gəldik. Növbəti mövsümdə burada qalacağımı düşünmürəm. “Neftçi” və azarkeşlərinə növbəti mövsümdə uğurlar arzulayıram. Çempionlar Liqası amilinin qərarımı dəyişəcəyini fikirləşmirəm”.

Müəllif: Bəhruz MƏMMƏDOV