GİMNASTLARIMIZ FİNALDA - BAKI 2017
ESTAFET/ Bugündən etibarən IV İslam Həmrəyliyi Oyunları çərçivəsində gimnastika üzrə təsnifat mərhələsi başlayıb.
Milli Gimnastika Arenasında Azərbaycan gimnastları Marina Durunda və Jalə Piriyeva halqa və topla çıxışlarda finala vəsiqə qazanıblar. Marina Durunda halqa ilə yarışda 16,750 xal toplayaraq birinci, Jalə Piriyeva isə 16.300 xalla ikinci olub.
Eyni zamanda, özbək Anastasiya Serdyukova və Sabina Taşkenbayeva, türk Ecem Cankaya və Başak Nida Karaevli, livanlı Alisa Sadek və indoneziyalı Vahyu Putri finalda iştirak hüququ.
Topla çıxış da gimnastlarımız üçün uğurlu olub. Belə ki, Marina 16.200 xalla birinci, Jalə isə 16.000 xalla ikinci olub. Hər iki gimnastımız medallar uğrunda mübarizəni finalda davam etdirəcək.
Finala həmçinin, Anastasiya Serdyukova, Nurinisso Usmanova (Özbəkistan), Ecem Cankaya, Başak Nida Karaevli (Türkiyə), Dina Ali Alşix (Suriya) və Vahyu Putri (İndoneziya) adlayıblar.
İki hərəkətin cəminə əsasən, hesabında 65,250 xal olan Azərbaycan millisi komanda hesabında birincidir. Özbəkistan 62,100 xalla ikinci, Türkiyə isə 51,300 xalla üçüncü pillədə yer alıb.
Top və halqa ilə hərəkətlər üzrə yarışın qalibləri mayın 13-də müəyyənləşəcək.