"Görünür, qismətimizdə 3 vəsiqə olub": Hacı Əliyev

ESTAFET/ Milli Olimpiya Komitəsinin feysbuk səhifəsinə açıqlama verən dünya və Avropa çempionu Hacı Əliyev sərbəst güləş üzrə yığmamızın Tokio-2020 Yay Olimpiya Oyunlarına az lisenziya qazandığını etiraf edib: “Hazırlıq davam edir, hər şey qaydasındadır. Bütün çəkilərdə Olimpiadaya lisenziya qazanmaq və tam tərkibdə yarışa qatılmaq istəyərdik. Görünür, qismətimizdə 3 vəsiqə olub. Buna baxmayaraq, hər üç iştirakçı Olimpiya çempionu olmağa namizəd idmançıdır. Çox ağır məşqlər gedir. Son təlim-məşq toplanışımız olacaq. Uğurlu nəticə üçün əlimizdən gələni edirik”.

Olimpiadada 65 kq çəki dərəcəsində mübarizə aparacaq Əliyev “Poland Open” turnirində 70 kq çəkidə mübarizə aparıb və bürünc medal qazanıb. O, bunun Olimpiadaya mənfi təsir göstərməyəcəyini düşünür: “70 kq-da güləşmək mənim üçün çətin oldu. İlk dəfə idi bu çəkidə güləşirdim. Fikrimcə, yaxşı nəticə göstərdim. Amma Olimpiya Oyunlarında öz çəkimdə güləşəcəyəm. “Poland Open”də 70 kq çəkidə iştirakımın Olimpiada üçün heç bir maneçiliyi olmayacaq. Əksinə, Olimpiya Oyunları öncəsi çəki salmamışam və gücümü ora saxlamışam. Mənim çəkimdə çox güclü idmançılar, dünya çempionları var. Heç birinə zəif deyə bilmərəm. Çünki ən güclü çəki 65 kq-dır”.

Karyerasında çatışmayan yeganə medal Olimpiya qızılı olan güləşçi bunu əldə etmək üçün çox əziyyət çəkdiyini vurğulayıb: “Karyeramda bütün medallar var. Bircə Olimpiadanın qızılı çatmır. Bu, bəlkə də, son şansımdır. Olimpiya Oyunlarında bürünc medalım var. Amma bunu mütləq qızıl eləmək lazımdır”.

Hacı Əliyev ən böyük dəstəkçilərinin ailəsi olduğunu deyib: “Bütün ailə üzvlərim – atam, anam, qardaşım, yoldaşım, övladlarım ən böyük dəstəkçilərimdir. Həmçinin məni tanıyan bütün qohum-əqrəbamdan, məşqçilərimdən də dəstək görürəm. Onlar mənim ən böyük azarkeşlərimdir”.

Müəllif: Natiq NƏSİROV