Zidanın millini çalışdırmaq ehtimalı mundialın sonuna qaldı

ESTAFET/ Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qrey millinin baş məşqçisi Didye Deşamın gələcək taleyi ilə bağlı planlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, federasiya rəhbəri hazırkı çalışdırıcı Didye Deşamın ən azı gələn ilin axırlarında Qətərdə keçiriləcək dünya çempionatının sonuna qədər postunda qalacağını bildirib.

O, Zinəddin Zidanın milliyə mümkün təyinatı ilə bağlı sualı isə belə cavablandırıb: “Fərz edək ki, dünya çempionatından sonra Deşam mənə davam etmək istəmədiyini söylədi. Açığı, həmin vaxt Zidan işsiz olarsa, yada düşəcək. Mundiala yeni vəsiqə qazanmışıq. Ona görə də indi bu barədə danışmağın vaxtı deyil”.

Qeyd edək ki, Zinəddin Zidan bu ilin yayında “Real”dan ayrıldıqdan bəri işsizdir.

Müəllif: Bəhruz MƏMMƏDOV