TAEKVONDOÇULARIMIZIN OYUNLARDA QAZANCI 9 MEDAL OLDU

ESTAFET/ IV İslam Həmrəyliyi Oyunlarında bu gün Taekvondo yarışlarına da yekun vurulur. Son yarış günündə dayanq üzərinə 4 təmsilçimiz çıxıb.


Kişilərin 63 kq çəki dərəcəsində mübarizə aparan Məhəmməd Məmmədov 1/8 final mərhələsində İndoneziya təmsilçisi İbrahim zarman üzərində 9:2 hesablı inamlı qələbəylə adını növbəti mərhələyə yazdırıb. 1/4 finalda mərakeşli Omar Hajjami dayanq üzərinə çıxmağa peşman olub - 23:4. Saat 18:00-da başlayacaq yarımfinal görüşündə Məhəmmədin rəqibi qazax Alimzan Serikbayev olub. Gərgin keçən döyüş 8:7 qazax taekvondoçunun xeyrinə başa çatıb və Məhəmməd Oyunların bürüncünə sahib olub. 

 

87 kq çıki dərəcəsindəki təmsilçimiz Ramin Əzizov mübarizəyə 1/4 finaldan başlayıb. İordaniyalı Anas Sadek üzərində 27:8 hesablı qələbə təmsilçimizi yarımfinala çıxarıb. Bu mərhələdə Ramin türk Serdar Yükseli 13:5 hesabı ilə məğlub edərək finala adlayıb. Finalda da iranlı Əhməd Mohammadidən üstün olan taekvondoçumuz dayanqı İslamiadanın qalibi kimi tərk edib - 16:14. 

 

Kişilərdə 74 kq çəki dərəcəsində mübarizə aparan Səid Quliyev Toş Van Diykə (Surinam), qadınlarda isə 62 kq çəki dərəcəsində Darya Şkurko Sukayna el Auiniyə (Mərakeş) ilk görüşlərindən məğlub olaraq mübarizəni dayandırıblar.

 

Bununla da IV İslam Həmrəyliyi Oyunlarında taekvondo yarışlarına da yekun vurulub. Təmsilçilərimizin çıxışı isə uğurlu alınıb. Belə ki, ilk iki döyüş günündə taekvondoçularımız aktivlərinə 5 qızıl (Yaprak Eriş, Patimat Abakarova, Ayxan Tağızadə, Milad Beigi Herçəqani, Radik İsayev) və 2 gümüş (Fəridə Əzizova, Qaşım Məhəmmədov) medal yazdırmışdılar. Ümumilikdə 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanan dayanq ustalarımız komanda hesabında 1-ci olublar.