4 güləşçimiz yarımfinalda - AÇ-2022

ESTAFET Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatı davam edir. Bu gündən mübarizəyə başlayan yunan-Roma güləşçilərimizdən 4-ü yarımfinala yüksəlməyi bacarıb.
Mübarizəyə 1/4 finaldan başlayan Eldəniz Əzizli (55 kq) Denis Mihaya (Rumıniya) qalib gələrək növbəti mərhələyə adlayıb. Onun yarımfinaldakı rəqibi Rudik Mkrtçyan (Ermənistan) olacaq.
İslam Abbasov (87 kq) ardıcıl olaraq Matey Mandiç (Xorvatiya) və Zurab Datunaşvilidən (Serbiya) üstün olaraq yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə Abbasov Niku Samuel Ojoqla (Rumıniya) qarşılaşacaq.
Taleh Məmmədov (63 kq) ilk görüşdə Ahmet Uyara (Türkiyə) qalib gələrək adını yarımfinala yazdırıb. Məmmədovun final yolundakı rəqibi Hraçya Poqosyan (Ermənistan) olacaq.
Beka Kandelaki (130 kq) təsnifat mərhələsində Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. 1/4 finalda David Ovasapyanla (Ermənistan) qarşılaşan idmançı inamlı qələbə qazanıb. Yığmanın gürcü legioneri finala gedən yolda Rza Kayaalpla (Türkiyə) qarşılaşacaq.
Sənan Süleymanov (77 kq) 1/8 finalda İlye Kojokari (Rumıniya) üzərində qələbə qazansa da, növbəti görüşdə Malxas Amoyana (Ermənistan) məğlub olub.
Yarımfinal görüşləri Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.
