Azərbaycan çempionatı üçün seçmə turnir başladı

ESTAFET/ Azərbaycan Şahmat Federasiyasının (AŞF) mənzil qərargahında qadınlar arasında ölkə çempionatının seçmə turnirinə start verilib. 

Federasiyadan verilən məlumata görə, 20 zəka sahibinin birincilik uğurunda mübarizə apardığı yarışda artıq 2-ci turun oyunları başa çatıb. 

2 turdan sonra 3 şahmatçı - Ləman Hacıyeva, Səbinə Rzalı və Xatun Bağırova 2 xal toplayaraq ilk üçlükdə qərarlaşıb. Lalə Hüseynova, Mələk İsmayıl və Nərmin Nəsibova isə liderlərdən yarım xal az toplayaraq 4-6-cı yerləri bölüşürlər.

İsveçrə sistemi üzrə keçirilən çempionat 7 turdan ibarət olacaq. Turnirin son turu aprelin 9-da baş tutacaq.

Seçmə turnirin reqlamentinə əsasən I yeri tutan şahmatçı qadınlar arasında Azərbaycan çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Müəllif: Bəhruz MƏMMƏDOV