Vinq çun üzrə ikinci Azərbaycan çempionatı keçiriləcək
ESTAFET/ Pandemiya səbəbindən yaranan uzun fasilədən sonra Azərbaycan Vinq Çun Federasiyası ölkə çempionatı keçirəcək. Federasiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman Sarayında keçiriləcək ikinci Azərbaycan çempionatı 2 kateqoriya üzrə baş tutacaq. Bunlar Beynəlxalq Vinq Çun Birliyinin qaydalarına əsaslanan vinq çun tao lu və vinq çun kontakt növləridir.
Yarışın təntənəli açılış mərasimi aprelin 23-də saat 15:00-da keçiriləcək.
Açılış mərasimində Gənclər və İdman Nazirliyinin rəsmiləri, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi, Milli Məclisin deputatları, bir sıra federasiyaların rəhbərləri, Gürcüstan və Türkiyə Vinq Çun federasiyalarının rəhbərləri, eləcə də tanınmış Olimpiya və dünya çempionları iştirak edəcəklər.