“Onlarla danışıq aparırıq”: Fariz Nəcəfov
STAFET/ “Son iki oyuna nəzər yetirsək, komandamızın toparlandığını demək olar”. Bunu apasport.az saytına açıqlamasında “Qəbələ”nin prezidenti Fariz Nəcəfov deyib.
Futbol funksioneri hazırda Premyer Liqada 4-cü pillədə qərarlaşan komandasının mövsümü məhz ilk “dördlük”də tamamlamasını hədəflədiklərini söyləyib: “Mövsümün sonuna artıq iki oyunumuz qalıb. Sözsüz ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparırıq. Şansımız var və bundan yararlanmağa çalışacağıq”.
Nəcəfov bildirib ki, avrokuboklara yollanmasalar da, onlar üçün heç nə dəyişməyəcək. O, həmçinin növbəti mövsümlə bağlı hələ heç bir plan hazırlamadıqlarını əlavə edib: “Konfrans Liqasına vəsiqə qazanmasaq belə, öz yolumuzla davam edəcəyik. Növbəti mövsümlə bağlı hələ dəqiq məlumatlar yoxdur. Çünki büdcənin formalaşması ilə bağlı problemlər var. Axırıncı oyundan sonra yəqin ki, bu barədə məlumat verəcəyik”.
Fariz Nəcəfov əcnəbi futbolçuların komandada qalması yönündə işlər aparıldığını da vurğulayıb: “Bildiyiniz kimi, əcnəbilərdən Ruan Renato ilə müqaviləni yeniləmişik. Digərləri ilə də danışıq aparırıq. Amma hələ konkret müqavilə yoxdur”.