Badmintonçularımız “RSL Lithuanian International 2022” turnirində çıxışını başa vurub

ESTAFET/ Azərbaycan badmintonçuları Litvanın Panevejis şəhərində keçirilən “Future” seriyalı “RSL Lithuanian International 2022” turnirində çıxışını başa vurub.

Kişi badmintonçuların şəxsi yarışında Diki Dvi Pangestu təsnifat mərhələsinin sonuncu görüşündə indoneziyalı Alden Lefilsona 2:1 (19-21,21-15,21-14) hesabı ilə qalib gələrək əsas mərhələyə yüksəlib. Əsas mərhələdə keçirdiyi ilk görüşdə Malayziya badmintonçusu Teh Zi Yini 2:0 (21-10,21-18) hesabı ilə məğlub edən badmintonçumuz turnirin 1/8 finalına yüksəlib. Diki 1/4 finala yüksəlmək uğrunda keçirilən görüşdə danimarkalı Kristofer Vittorianiyə 1:2 (14-21,22-20,8-21) hesabı ilə uduzub.

Təsnifat mərhələsində ardıcıl olaraq 2 qələbə qazanan Məhəmməd Khadafi isə əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçli Yohan Azeliusa 1:2 (17-21,21-17,17-21) hesabı ilə məğlub olub.

Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov-Diki Dvi Pangetsu tandemi 1/16 finalda Malayziya təmsilçiləri Məhəmməd Faris-Jia Çenq qoşasına 0:2 (12-21,10-21) hesabı ilə uduzub. Cahid Əlhəsənov-Məhəmməd Khadafi qoşası isə eston Karl Kert-Mihkel Talts tandeminə 1:2 (18-21,21-13,16-21) hesabı ilə məğlub olub.

Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov və Era Maftuha İspaniya badmintonçuları Yoan Monroy-Ania Setien cütünə 0:2 (9-21,6-21) hesabı ilə məğlub olub.

Müəllif: Zaur HACIYEV