"Əziz Şuşa" beynəlxalq velosiped yarışının birinci mərhələsinin qalibləri müəyyənləşib

İyulun 9-da “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsi keçirilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına əsasən, "Şuşa ili"nə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən yarışın birinci mərhələsi Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutub.

Yarışın açılış mərasimində 8 ölkəni təmsil edən 13 komandadan ümumilikdə 75 idmançı tədbir iştirakçılarına təqdim olunub.

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev çıxış edərək, dövlət başçısı cənab İlham Əliyevin yarış iştirakçılarına salamlarını çatdırıb və uğurlar arzuladığını bildirib.

M.Quliyev Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin idmana və idmançılara xüsusi diqqət və qayğı göstərdiyini, idmanın inkişafının dövlətimizin prioritet istiqamətlərindən olduğunu qeyd edib.

O bildirib ki, yarışın keçirilməsində əsas məqsədlərdən biri də gənclərin beynəlxalq yarışlarda iştirakını situmullaşdırmaq və dünya velosiped ailəsi ətrafında sıx birləşməkdən ibarətdir.

M.Quliyev Azərbaycanın dəvətini qəbul edərək yarışda iştirak edən hakimlərə və idmançılara təşəkkür edib, bütün yarış heyətinə uğurlar arzulayıb, daha güclünün qalib olmasını diləyib.

Yarış açıq elan edilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İdmançılar birinci mərhələdə şose velosipedinin fərdi ötüşmə növündə 21 km məsafədə mübarizə aparıblar.

Bu növ üzrə ən yüksək nəticə göstərən velosipedçi Azərbaycanın elit milli komandasının kapitanı, Türkiyənin “Sakarya BB Pro Team” klubunun üzvü Elçin Əsədov olub. O, qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın elit milli komandasının digər üzvü Musa Mikayılzadə gümüş, Rumıniyanın “CSA Steaua Cycling Team” komandasının üzvü Sergey Tsvetkov isə bürünc medala layiq görülüb.

Birinci mərhələnin nəticələrinə görə, Elçin Əsədova yarışın lider idmançısı olduğuna görə sarı köynək təqdim edilib.

Qaliblərə medal və qiymətli hədiyyələr verilib. İdmançılara mükafatları Azərbaycan Respublikasının müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və Federasiyanın vitse-prezidenti Robert Eyyubov təqdim ediblər.

Nəzərinizə çatdıraq ki, yarışda Türkiyə, Böyük Britaniya, Rumıniya, Gürcüstan, Monqolustan, Tacikistan, Özbəkistan və Azərbaycan komandaları mübarizə aparırlar. Ölkəmizi isə elit, həmçinin gənclərdən ibarət milli komandalarımız, MSN və “Triterra” klubları təmsil edirlər.

Qeyd edək ki, iyulun 10-da keçiriləcək ikinci mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək. İdmançılar bu mərhələdə 71 km məsafədə qrup ötüşməsində güclərini sınayacaqlar.

Müəllif: Bəhruz MƏMMƏDOV