NAXÇIVAN TURNİRİNİN RƏSMİ AŞILIŞ MƏRASİMİ KEÇİRİLİB

ESTAFET/ Naxçıvanda keçirilən yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turnirinin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov bildirib ki, Azərbaycanda, eləcə də onun Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı, gənc idmançılar nəslinin yetişdirilməsi diqqət mərkəzində saxlanılır. Yaradılan şəraitin nəticəsidir ki, bu gün Naxçıvan beynəlxalq idman yarışlarına ev sahibliyi edir. Muxtar respublikada idmanın maddi-texniki və təşkilati-hüquqi bazası xeyli möhkəmləndirilib. Hazırda muxtar respublikada 40 minə yaxın yeniyetmə və gənc bədən tərbiyəsi və idmanla məşğul olur. Naxçıvanlı idmançılar ölkə və dünya əhəmiyyətli yarışlarda təmsil olunur və uğurlara imza atırlar. Muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2002-ci ildə yaradılan Naxçıvan Muxtar Respublikasının Boks Federasiyasıdır. Federasiya bu idman növünün muxtar respublikada kütləviliyi, yeniyetmə və gənclərin idman bölmələrinə cəlbi istiqamətində məqsədyönlü iş aparır.

 

Vurğulanıb ki, mütəmadi olaraq ixtisaslı mütəxəssislərin dəvət olunması ilə ustad dərslərinin keçilməsi, texniki-taktiki seminarların təşkil edilməsi boks idman növü üzrə müxtəlif yaş qruplarında komandaların formalaşmasına müsbət təsir edib. Artıq muxtar respublika boksçuları yeniyetmələr, gənclər və kişilərdən ibarət yığma komandalara cəlb olunur, müxtəlif uğurlara imza atırlar. Bu gün isə İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ilk dəfə olaraq boks üzrə yeniyetmələr arasında “Heydər Əliyev kuboku-2017” beynəlxalq turniri keçirilir.

 

Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti, millət vəkili Ağacan Abıyev çıxış edərək deyib ki, Naxçıvanda boks idman növünün inkişafına xüsusi diqqət göstərilir. Ümummilli liderin xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə dünyanın bu növdə sayılıb-seçilən ölkələri iştirak edir. Ağacan Abıyev muxtar respublikada güclü idman infrastrukturunun yaradıldığını vurğulayıb, yarışın təşkilatçılarına minnətdarlığını bildirib, idmançılara uğurlar arzulayıb.

 

Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Açılış mərasiminin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının bir-birindən rəngarəng çıxışları olub. Bədii hissədən sonra turnirə start verilib.

 

Qeyd edək ki, yarışda Azərbaycanla yanaşı, 9 ölkə iştirak edir. Yığmamızın 2 komanda ilə təmsil olunduğu turnirdə Gürcüstan, Qırğızıstan, İran, Qazaxıstan, Macarıstan, Ukrayna, Özbəkistan və Rusiya yığmaları mübarizə aparırlar. Şimal qonşularımız Naxçıvana gəlməyə son anda qərar veriblər.