Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına start verilib
Oktyabrın 6-da Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatına start verilib. Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçirilən şose velosipedi üzrə 4 mərhələli ölkə çempionatında bütün yaş kateqoriyaları üzrə idmançılar iştirak edirlər.
İlk mərhələdə baş tutan dairəvi yarışa Heydər Əliyev Parkının önündən start verilib. Ümumilikdə 40 peşəkar və 9 həvəskar velosipedçi qalib olmaq üçün mübarizə aparıb. Bu mərhələdə qadın velosipedçilər və həvəskarlar 42 km (7 dairə), kişi idmançılar isə 60 km (10 dairə) məsafə qət ediblər.
Birinci mərhələnin nəticələrinə əsasən, qadınlar arasında Viktoriya Sidorenko (ROEQİUGVM, 1:11.02) ən yaxşı göstəriciyə imza ataraq qızıl, Radha Şabanova (ROEQİUGVM, 1:11.04) gümüş, İradə Əbdürrəhmanova (Təhsil RİM, 1:13.17) bürünc medal qazanıb.
Kişilər arasında isə Nofəl Nuriyev (MOİK, 1:21.35) hamıdan sürətli olaraq birinci, Əli Qurbanov (MSN, 1:21.36) ikinci, Şahin Eyvazov (ROEQİUGVM, 1:23.29) üçüncü yerdə qərarlaşıb.
Həvəskarların mübarizəsində Elvin Bayramov birinci, Mürsəl Məmmədov ikinci, Oqtay Quliyev üçüncü yerə layiq görülüb.
Qeyd edək ki, oktyabrın 7-də baş tutacaq ikinci mərhələdə velosipedçilər qrup ötüşməsində mübarizə aparacaqlar. Bu mərhələdə Heydər Əliyev Parkının önündən start götürməklə qadınlar 42 km, kişilər isə 62 km məsafə qət edəcəklər.
Üçüncü mərhələdə (oktyabrın 8-də) təşkil ediləcək dairəvi yarışa isə şəhər meydanından start veriləcək. Yarışda qadın idmançılar 40 km (5 dairə), kişi velosipedçilər isə 64 km (8 dairə) məsafədə mübarizə aparacaqlar.
Dördüncü mərhələdə (oktyabrın 9-da) Bakı - Ələt - Qazax - Gürcüstan yolundan R-19 istiqamətinə start götürməklə həm qadın, həm də kişi velosipedçilər 10 km məsafədə fərdi ötüşmə növündə güclərini sınayacaqlar.