Çoxgünlük ötüşmələr üzrə Azərbaycan çempionatının üçüncü mərhələsinə yekun vurulub

Oktyabrın 8-də şose velosipedi üzrə (çoxgünlük ötüşmələr) Azərbaycan çempionatının üçüncü mərhələsinə yekun vurulub. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə Gəncə şəhərində keçirilən çempionatın bu mərhələsində bütün yaş kateqoriyaları üzrə ümumilikdə 38 peşəkar və 10 həvəskar velosipedçi dariəvi yarışda mübarizə aparıb.

Şəhər meydanından start verilən yarışda qadın idmançılar 40 km (10 dairə), kişi velosipedçilər isə 64 km (16 dairə) məsafə qət ediblər.

Qadınlar arasında mübarizədə Viktoriya Sidorenko (ROEQİUGVM) ən yaxşı nəticəyə imza ataraq qızıl medal qazanıb. O, finişə 1 saat 5 dəqiqə 10 saniyəyə çatıb. İradə Əbdürəhmanova (Təhsil RİM) 1 saat 10 dəqiqə 57 saniyə nəticə ilə gümüş, Radha Şabanova (ROEQİUGVM) 1 saat 11 dəqiqə 30 saniyə nəticə ilə bürünc medala layiq görülüb.

Kişilərin yarışında isə qaliblər fotofinişə əsasən təyin edilib. Belə ki, Elgün Əlizadə (MSN) və Samir Cəbrayılov (MSN) təyin olunmuş məsafəni 1 saat 40 dəqiqə 1 saniyəyə qət ediblər. Fotofinişə əsasən iki velosipedçi arasında gedən gərgin idman mübarizəsindən E.Əlizadə qalib ayrılıb və birincilik sevinci yaşayıb.

S.Cəbrayılov eyni nəticə ilə ikinci, Şahin Eyvazov (ROEQİUGVM) isə 1 saat 40 dəqiqə 3 saniyə nəticə ilə üçüncü yerdə qərarlaşıb.

Həvəskarlar arasında mübarizədə Elvin Bayramov birinci, Mürsəl Məmmədov ikinci, Rəşid Hüseynov üçüncü yerə çıxıb.

Mükafatlandırma mərasimindən öncə Azərbaycan Velosiped Federasiyasının kollektivi və iştirakçılar Ümummilli Lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Daha sonra mükafatlandırma mərasimi başlayıb. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif ediliblər. İdmançılara mükafatları Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Azər İbrahimov, Respublika Olimpiya Ehtiyat Qüvvələri İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin direktoru Səməndər Allahverdiyev və sambo üzrə 5 qat dünya, 3 qat Avropa çempionu Hakim Nəzərəliyev təqdim ediblər.

Qeyd edək ki, oktyabrın 9-da Azərbaycan çempionatının sonuncu - 4-cü mərhələsi keçiriləcək. Bu mərhələdə Bakı - Ələt - Qazax - Gürcüstan yolundan R-19 istiqamətinə start götürməklə həm qadın, həm də kişi velosipedçilər 10 km məsafədə fərdi ötüşmə növündə güclərini sınayacaqlar. Sonuncu mərhələdən sonra ümumi təsnifat üzrə qaliblər də müəyyənləşəcək.

Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının mövcud qaydalarına əsasən keçirilən dörd mərhələli Azərbaycan çempionatının birinci mərhələsində idmançılar dairəvi yarışda, ikinci mərhələsində isə qrup ötüşməsində mübarizə aparıblar.

Müəllif: Bəhruz MƏMMƏDOV