Azərbaycanda ilk dəfə triatlon üzrə Azərbaycan Kuboku keçirildi
9 oktyabr 2022-ci il tarixində Pirallahı adası, Nərəkənd kompleksində Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Triatlon Federasiyasının təşkilatçılığı ilə triatlon üzrə “Azərbaycan Kuboku” ölkə turniri baş tutdu. Turnirin proqramına triatlon və duatlon üzrə, bundan əlavə uşaqlar üçün qaçış üzrə yarışmalar daxil idi. Yarışlar qeyd olunan məsafələrdə keçdi:
- Uşaqlar üçün qaçış yarışı – 1 km;
- Duatlon yarışı – 2 km qaçış, 8 km velosiped sürmə, 1 km qaçış;
- Olimpiya məsafəsi üzrə triatlon yarışı – 1.5 km üzgüçülük, 40 km velosipedsürmə, 10 km qaçış.
Yarışda 130-dan çox idmançı iştirak etdi. Olimpiya məsafəsində keçən Triatlon yarışının nəticələrinə dair kişilər arası Azərbaycan yığmasının lideri Rostislav Pevtsov və qadınlar arası Rəbiyə Orucova qalib müəyyən edildilər.
Kişilər arası triatlon yarışında gümüşə Toğrul Məmmədli, bürüncə isə Come Boulard layiq görüldülər. Qadınlar arası gümüş medalı Alice Atkins, bürünc medalı isə Marina Belan qazandı. Estafet yarışmasında birinci yerin sahibləri Denis Karçaşkin, Cəmşid Kassimov Vüqar Abdullah, ikinci yerin Məmmədov Cəfər, Guillaume Clair Marie, Tapdıq Dadaşov və üçüncü yerin Elçin Bəkirov, Yusif Nəcəfov, Samir Məcidov oldular.
Duatlon yarışında oğlanlar arasında birinci yeri Zairov Səid, ikinci yeri Cəfərov Teymur, üçüncü yeri Rzazadə Əli tutdular. Qızlar arası rəqabətdə isə Tasbihi Medisa birinci yerə, Scalabry Elisa ikinci yerə, Xəlilova Milana isə üçüncü yerə çıxdılar. Yaş kateqoriyaları üzrə qaliblər Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfidən diplomlarla təltif olundular. Turnir ASAN radio və TMB radionun informasiya dəstəyi ilə keçirildi.