"İtaliyanın Yezolo şəhərində keçirilən uşaq, yeniyetmə və gənclərin dünya çempionatı bizim üçün çox uğurlu keçdi"

Bunu Azərbaycan Kikboksinq Federasiyasının (AKF) mətbuat xidmətinə açıqlamasında sözügedən qurumun I vitse-prezidenti Ramal Aslanov deyib.

O bildirib ki, bu il mötəbər yarışdakı nəticə ötənilkindən daha yaxşı olub: "Kikboksinqin Azərbaycanda inkişafı göz qabağındadır. Ötən il Monteneqrodakı yeniyetmə və gənclərin Avropa çempionatında rekord sayda medal qazanmışdıq. Bu il o nəticəni yenilədik. Üstəlik, Monteneqrodakı yarışdan fərqli olaraq, bu, dünya çempionatı idi. Bildiyiniz kimi, dünya çempionatı daha prestijli, daha mötəbər yarışdır. Bu yarışda 7 qızıl, 6 gümüş və 7 bürünc medal qazandıq.

Sözügedən nəticə idmançı və məşqçilərin əziyyəti deyil, həm də federasiyanın fəxri prezidenti Adil Əliyevin illərdir çəkdiyi əziyyətin bəhrəsidir. O yaxınlarda dünya çempionatında nəticə verən idmançıları qəbul etdi, məşqçiləri təbrik etdi. Federasiyanın prezidenti Orxan Əliyevin maddi və mənəvi dəstəyi, idmançılarla ayrı-ayrılıqda ünsiyyəti, onlarla maraqlanması da bu yerdə böyük rol oynayıb. O, ötən il dünya çempionu olmuş Anar Məmmədova federasiya adından avtomobil hədiyyə etdi. Bu da gənc idmançılara motivasiya verir. Onlar da Ramal Aslanov, Anar Məmmədov kimi böyüklərdə dünya çempionu olaraq mükafat qazanmaq istəyirlər. Kikboksinqdə 10 mindən artıq idmançının olması bu idman növünün Azərbaycanda populyar olmasının göstəricisidir".

R.Aslanov bildirib ki, gənclər arasında dünya çempionlarından bəzilərinin gələn ay Türkiyədə keçiriləcək böyüklərin Avropa çempionatına aparılması da nəzərdə tutulub: "Perspektivli gənclərimiz çoxdur. Biz orada kikboksinqin yeni ulduzlarını da gördük. Həmin idmançılardan bəzilərini 11-20 noyabr tarixlərində Antalyada keçiriləcək böyüklərin Avropa çempionatına aparmaq istəyirik. Bunun üçün ayın sonlarında onlar da seçimlərə qatılacaqlar. Gənclərdə dünya çempionlarının böyüklər arasındakı qitə çempionatında nəticə verəcəyinə inanıram".

AKF-nin I vitse-prezidenti onu da qeyd edib ki, Beynəlxalq Olimpiya Komitəsinin keçirəcəyi yarışlarda da kikboksinqin təmsil olunması nəzərdə tutulur: "Kikboksinq tək Azərbaycanda yox, dünyada inkişaf etməkdədir. 2026-cı ildə Seneqalın paytaxtı Dakarda keçiriləcək gənclərin Yay Olimpiya Oyunlarından sonra 2030-cu il analoji yarış üçün kikboksinqin də proqrama salınması müzakirə olunacaq. Bu barədə oktyabrın 3-də İtaliyada keçirilmiş WAKO-nun Baş Assambleyasında deyildi. Həmçinin, ola bilsin ki, 2028-ci ildə ABŞ-ın Los Anceles şəhərində keçiriləcək Olimpiadada kikboksinq proqramda yer alsın".

Müəllif: Natiq NƏSİROV