Bakıda baş tutan drift yarışının qalibi bəlli oldu

16 oktyabrda Dənizkənarı Bulvar ərazisində keçirilən “Red Bull Car Park Drift” yarışının qalibi müəyyən olundu. 16 nəfər iştirakçı arasından 20 nömrə altında yarışan avtomobilin sürücüsü Adil Axundov Milli Final mərhələsinin qalibi seçildi. O, bu ilin sonunda  25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Səudiyyə Ərəbistanına  yola düşəcək. Həmçinin 2-ci və 3-cü yerlərə Pərviz Azizov və Rauf Dadaşzadə layiq görülüb.

Milli Final mərhələsini qiymətləndirmək üçün Livan və Mavrikiyadan beynəlxalq münsiflər heyəti, həmçinin Bakı Marşal Klubunun hakimi iştirak edib. Məhz onların maksimum 300 xalını qazanan iştirakçı çempionatın qalibi seçilib. Həmçinin, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və Gənclər və İdman naziri Fərid Qayibov “Red Bull Car Park Drift” yarışını izləmək üçün tədbirdə iştirak edib. Drift həyəcanını hiss etmək üçün Gənclər və İdman naziri Fərid Qayıbov paytaxtımızda qonaq olan dünyanın ən yaxşı driftçilərindən biri,  livanlı Abdo Feqali ilə birlikdə drift edib.

Qeyd edək ki, iştirakçılar yalnız driftinq bacarıqları ilə deyil maşınlarının görünüşü, səsi və təkərlərindən çıxan tüstünün həcminə əsasən də mükafatlandırılıblar.

Xatırladaq ki, “Red Bull Car Park Drift” yarışının iştirakçıları bu ilin avqust ayında müxtəlif seçim mərhələləri keçərək Livanlı drift ustası Abdo Feqalidən master-klasslar alıb.

“Red Bull Car Park Drift” yarışı Azərbaycan Avtomobil Federasiyası, Bakı Şəhər Halqası Əməliyyat Komitəsi və AmsOil maşın yağlarının təşkilatı dəstəyi ilə keçirilib.

Müəllif: Bəhruz MƏMMƏDOV