"Hər sahədə olduğu kimi burada da Azərbaycana dəstək veririk": türk diplomat
ESTAFET/ “Qarabağ zəfərindən sonra Suqovuşanda ikinci dəfə beynəlxalq yarışın təşkil edilməsi Azərbaycanın təkcə müharibə və iqtisadiyyat meydanında deyil, idman sahəsində də irəliləyişi göstərmək baxımından önəmlidir”.
Bu sözləri “Mingəçevir Reqatası”ının Suqovuşanda keçirilən açılış mərasimində iştirak edən Türkiyənin Gəncədəki Baş konsulu Zəki Öztürk deyib.
Baş konsul bildirib ki, iki həftə əvvəl də Suqovuşanda olub: “Həmin vaxt burada tribunaların maketi var idi. İndi isə yarış üçün hər şeyin beynəlxalq səviyyədə olduğunu görürəm. Təşkilatçıları qısa zamanda buranı yarışa əla səviyyədə hazırladıqları üçün təbrik edirəm”.
Yarış iştirakçılarına uğurlar arzulayan diplomat güclü idmançıların qalib gəlməsini istədiyini deyib: “Ölkəmiz də bu turnirdə iştirak edir. Hər sahədə olduğu kimi burada da Azərbaycana dəstək veririk. Güclü idmançılar qalib gəlsin, amma içimizdən Azərbaycan və Türkiyə təmsilçilərinin daha çox medal əldə etməsini istəyirik. Növbəti illərdə də Suqovuşanda belə turnirlərin keçrilməsini gözləyirik”. Report